Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə Ulu Öndərin xatirəsi böyük ehtiramla anılıb

11.05.2022

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar mayın 10-da Şəki şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbirdə şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra tədbir iştirakçıları mərkəzin foyesində ümummilli lider Heydər Əliyevə həsr olunmuş fotosərgi ilə tanış olublar.

Heydər Əliyev Mərkəzinin akt zalında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən bəhs edib. Bildirilib ki, XX əsrin sonu Azərbaycan xalqının həyatında mühüm bir dövrdür. 1993-cü ildə Azərbaycan xalqı dünyanın ən böyük siyasət adamını – Heydər Əliyevi hakimiyyətə gətirib. Ötən illərdə Ümummilli Liderin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan edib, Azərbaycanı məhv olmaq təhlükəsindən qurtarıb və gələcəyə inamla baxan güclü bir dövlətə çevrilib.

Qeyd olunub ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan nəinki regionun, eləcə də dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsinə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Zəfər yürüşü işğal edilmiş torpaqlarımızın düşməndən azad edilməsi ilə nəticələnib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbir konsert proqramı ilə davam edib.