17.12.2017
Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində bu gün startı verilən Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışların püşkatma mərasimi olub. Püşkatmanın nəticələrinə görə, dekabrın 18-də yarışların rəsmi açılış mərasimindən sonra keçirəcək ilk səkkizdəbir final oyununda Bakının “Omar Atçılıq Klubu”nun komandası ilə Şəki Regional Mədəniyyət və Turizm İdarəsini təmsil edən kollektiv üz-üzə gələcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Atçılıq Turizm Mərkəzinin direktoru Elman Qədirov məlumat verib.
Həmin gün keçiriləcək digər oyunda isə Bakının “Elit” və Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin təmsilçiləri qarşılaşacaqlar. Qalib komandalar növbəti mərhələyə vəsiqə əldə edəcəklər.
Dekabrın 19-da keçiriləcək Ağdaş-İsmayıllı və Gəncə-Şəmkir oyunlarından sonra dörddəbir finalın daha iki iştirakçısının adları məlum olacaq.
Oyunların digər iştirakçıları isə mübarizəyə dörddəbir finalda qoşulacaqlar. (mənbə: AZƏRTAC)