Azərbaycanın şimal-qərbində yerləşən Qax rayonu Gürcüstanla həmsərhəddir. Kümrük, Qaşqaçay və Əyriçay çayları sərhəd boyunca axır. Dağlardakı göllər və şəlalələr bu yerlərin bəzəyidir. Rayonun cənubunda quru subtropik, mərkəzdə qismən isti, qismən rütubətli subtropik, yüksək dağlarda isə soyuq iqlim müşahidə olunur. Yayda ən yüksək temperatur +41 С olur. Bu cür yüksək temperatur Acınohur gölünün sahillərində müşahidə olunur. Qışda ən aşağı temperatur dağların zirvəsində müşahidə olunur və -45 С-ə çatır. İlisu qoruğu bu rayonun ərazisindədir. Dağ meşələrində ayı, dağ keçisi, canavan, çöl pişiyi, qaban, çaqqal və başqa heyvanlar yaşayır. Rayonda ovçuluq və balıqçılıq üçün geniş şərait vardır. Qanıq - Əyriçay vadisində düzənliklər və dağ ətəyi əsas ovçuluq zonalarıdır. Balıqçılıq üçün isə Əyriçay, Qapıçay, Qanıq çayları və Lələli kəndi ərazisinin su hövzəsi münasibdir. Rayonun ən mənzərəli yerləri rayon mərkəzindən 12-20 km məsafədədir. Qax rayonunun mərkəzi, Qax şəhəri dəniz səviyyəsindən 500 m yüksəklikdə coşqun Kurmuxçayın sahilində, Böyük Qafqaz bağlarının meşəli cənub yamaclarında salınmışdır. Şəhərin adını bildirən «Qax» sözü «qala, istehkam» deməkdir. Qaxdan 6 km şimal-qərbdə, meyvə bağları və bakirə meşə arasında mənzərəli Ağçay adlı kiçik bir kənd yerləşir. Dəniz səviyyəsindən 1400-1600 m yüksəklikdə, Qax şəhərindən 12 km şimal-qərbdə yerləşən İlisu adlı bağ kəndi (bu kənd vaxtilə İlisu sultanlığının paytaxtı olmuşdur) daha böyük marağa səbəb olur. Kəndin ətrafındakı termal mineral kükürdlü su bulaqları müalicəvi əhəmiyyətə malikdir. Qax rayonunun ərazisində bir sıra tarixi abidələr, qala xarabalıqları var. arxeoloci qazıntılar nəticəsində aşkar edilmiş kurqanlar tunc dövrünə aiddir. İlisu kəndində 10 m hündürlüyündə dördbucaqlı keşikçi qülləsi (XIV əsr) və mərkəzində məscid yerləşən Sumuq qalası var. Sumuq qalası xalqın yaddaşında Şeyx Şamilin igid məsləkdaşı İlisunun sonuncu sultanı Daniyal-bəyin dayağı kimi qalmışdır. Burada daha qədim arxeoloci abidə var. Bu, küp qəbirlərdir (eramızdan əvvəl I əsr). XVIII əsrdə tikilmiş Ulu körpü qədim memarlıq nümunəsidir. Qaxdan Zaqatalaya gedən yolun kənarındakı Tirməçi kəndi yaxınlığında qocaman palıd meşəsinə gedən ensiz bir cığır var. Bu cığırın sonunda Şamilin naibi Hacı Muradın məzarı yerləşir. Məzarın üstündəki daşın üzərində ərəb dilində bu sözlər yazılmışdır: «Burada böyük cəfakeş, avar Hacı Murad Xunzaklı dəfn edilmişdir». Qum kəndində Qafqaz Albaniyası dövrünə aid qədim abidələr var: dairəvi formalı kilsə, V-VII əsrlərə aid tikililərin xarabaları, Sırtqala qalası (XVIII əsr), unikal ibadətxana - Qum bazilikası. Lekit kəndində məbəd tikililərin kompleksi (V-VI əsrlər) yerləşir. Harada qalmaq olar Rayonda mehmanxana, «Azkontrakt» istirahət evi, «İlisu» və «Şəfa» pansionatları fəaliyyət göstərir. Harada nahar etmək olar «Mərkəz» Tel. 5 41 44, «Qaxbaş Qala» 5 41 41 restoranları fəaliyyət göstərir. Ət qurudulması və «sürhülü» yerli əhalinin özünəməxsus seçim xörəkləridir.