Qəbələ rayonunun iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə, istərsə də ümumi məhsul istehsalına görə qazanılan göstəricilər əvvəlki illə müqayisədə xeyli yüksəkdir. Bütün bunlar isə əhalinin rifahının yaxşılaşmasına ciddi şəkildə təsir edir. Rayonda fəaliyyət göstərən konserv zavodu, limonad fabriki, meyvə və tərəvəzlərin çeşidlənməsi üçün soyuducu anbarlar, süd, üzüm, fındıq emalıvə xalçaçılıq müəssisələri, çörək, lift, kərpic və beton zavodları rayonun iqtisadiyyatında müstəsna rol oynayır. Tarixi abidələri ilə şöhrət tapmış Qəbələ rayonu çox böyük rekreasiya və turizm imkanlarına malikdir.
Rayon, iqtisadiyyatı üzrə həm yerləşdiyi coğrafi iqtisadi rayonda, həm də respublikada fərqlənir. Turist axını səbəbi ilə geniş inkişaf etmiş sektorlardan biri turizmdir. İqtisadiyyatının əsasını heyvandarlıq, taxılçılıq, tütünçülük, üzümçülük və baramaçılıq təşkil edir. Kənd təsərrüfatı məhsulları emalı müəssisələri fəaliyyət göstərir. Rayonda tütün, buğda və arpa yetişdirilir, barama saxlanılır. Rayonun ərazisində sənaye əhəmiyyətli gillər, şist, əhəng daşı, çınqıl, çay daşı, mişar daşı yataqları və mineral bulaqları vardır. Dübrar-Babadağ qalxanının Qəbələ ərazisindəki davamında, Vəndam qəsəbəsindən 4–5 km və Laza kəndindən 3 km şimalda əhəng daşı yataqlarına da rast gəlinmişdir. Lakin sıldırımlı dağlıq relyef şəraiti bu yataqların mənimsənilməsini çətinləşdirir. Vəndam qəsəbəsi, Həzrə və Seyidqışlaq kəndlərinin ərazisində inşaat əhəmiyyətli əhəng daşı, bu ərazinin sakinləri tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunmuşdur. Qəbələ şəhərinin şimal-qərbində geoloji ehtiyatı 7 min m3 olduğu müəyyən edilmişdir. Böyük Əmili, Çuxur Qəbələ, Soltannuxa, Tövlə, Dizaxlı, Yengicə kəndlərinin ərazisində isə müxtəlif keyfiyyətə malik inşaat gilləri tapılmışdır. Rayonda adları çəkilən yataqlardan yerli əhali hələ eramızdan əvvəldən bu günə qədər tikinti materialları və məişət qabları istehsalında geniş istifadə etmişlər. 1933-cü ildə Vəndam qəsəbəsinin "Şəhərgah" adlanan ərazisində qalınlığı 1,8 m olan boz kömür yatağı kəşf edilmişdir. Geoloji ehtiyatı az olduğu üçün hasilatı iqtisadi cəhətdən əhəmiyyətli hesab olunmur.