Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Region haqqında
Tarix
|

Qəbələ

Qəbələnin tarixi keçmişi də təbiəti qədər zəngin olub, Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir.

Bu yurdun adı çəkiləndə ilk öncə qədim Qafqaz Albaniyasının 900 illik bir dövrdə (eramızdan əvvəl IV əsrdən eramızın V əsrinədək) paytaxtı olmuş qədim Qəbələ şəhəri və onun bu günə gəlib çatmış möhtəşəm qala divarları xatırlanır. Rayon mərkəzindən 20 km cənubi-qərbdə, indiki Çuxur Qəbələ kəndinin şimal-şərq hissəsində Corlu və Qara çaylarının suayrıcında yerləşən qədim Qəbələ şəhəri öz möhtəşəmliyi, mühüm siyasi, iqtisadi və ticarət mərkəzi kimi dünyanın Babil, Troya, Pompey, Karfagen kimi qədim və məhşur şəhərləri ilə müqaisə olunur.

     Görkəmli Azərbaycan arxeoloqlarından S.Qazıyevin, Q.Əhmədovun, İ.Əliyevin, F.Qədirovun və başqalarının burada apardıqları çoxillik arxeloji tədqiqatlar nəticəsində Antik dövrə aid böyük binaların, qala divarlarının qalıqları, istehsal və sənəkarlıqla bağlı maddi - mədəniyyət abidələri aşkara çıxarılmışdır.

      2400 illik tarixi olan, qədim “İpək yolunun” üstündə yerləşən Qəbələ şəhərinin adı hələ eramızın I əsrində yaşamış Roma alimi Böyük Plininin “Təbii tarix” əsərində Kabalaka, yunan coğrafiyaşunası Klavdi Ptolemey (II əsrdə) Xabala, Ərəb tarixçisi Bəlazuri (IX əsr) Xəzər adlandırmışdır. Ilk dəfə Azərbaycan alimi A.Bakıxanov (XIX əsr) ,,Gülüstani – İrəm” əsərində Kabala və ya Xabalanın Qəbələ olduğunu göstərmişdir.

       Əsrlər boyu Azərbaycan torpaqlarına göz tikən yadelli işğalçıların amansız hücumlarına mərdliklə sinə gərən Qəbələ şəhəri tarixin yaddaşına alınmaz, məğlubedilməz qala-şəhər kimi daxil olmuşdur. E. I əsrdə romalılar Kabalakanı (Qəbələni)-"oppidum" yəni "istehkam şəhər" kimi tanıyırdılar. Eramızın 262-ci ilində Albaniya Sasanilər tərəfindən işğal olunsa da Qəbələ özünün siyasi və iqtisadi əhəmiyyətini itirmədi. V əsrin ikinci yarısında (464-cü ildə) Albaniya öz müstəqilliyini müvəqqəti itirdiyi və şimal köçərilərinin basqınlarının şiddətləndiyi dövrdə ölkənin paytaxtı Qəbələdən Partava (Bərdəyə) köçürülür. Bundan sonra da Qəbələ ölkənin başlıca ticarət sənətkarlıq, mədəniyyət və mənəvi mərkəzi kimi mövcud olmuşdur.

Müasir Qəbələ rayonu 8 sentyabr 1930-cu ildə Azərbaycan Respublkiasının inzibati rayonlarından biri kimi yaradılmışdır. Respublkia ərazisinin 1/50 hissəsini təşgil edən Qəbələ rayonunun sahəsi 1550 km2 –dir. Qəbələ ərazisi ,,4” yanvar 1963-cü ildə Ağdaş rayonunun tərkibinə qatılmış, 17 yanvar 1964-cü ildən yenidən ayrıldıqda inzibati rayona çevrilmişdir.

Rayonun adı 7 fevral 1991-ci ilə qədər Qutqaşın, həmin tarixdən isə rayonun qədim adı bərpa edilərək Qəbələ adlandırılmışdır.

Rayonda bir şəhər (Qəbələ), 3 qəsəbə (Vəndam, Bum və Nic) və 60 kənd inzibati ərazi dairəsi var. Bu yaşayış məntəqələri 60 İnzibati ərazi nümayəndəliyi və 29 bələdiyyə vasitəsi ilə idarə olunur.

Rayonun inzibati mərkəzi Qəbələ (Qutqaşın) 1959-cu ilə dək kənd, 1959-74-cü illərdə qəsəbə və 1974-cü ilin mart ayının 15-dən şəhər statusuna malikdir. Okean səviyyəsindən 900 m hündürlükdə, Dəmiraparan çayının sağ sahilində yerləşən müassir, gündən-günə gözəlləşən Qəbələ rayonunun əhalisi (01.01.2022-ci il tarixə) 109391 nəfərdir. Rayonun Bakı şəhəri ilə arasındakı olan məsafə 225 km-dir.