Azərbaycan Respublikasının dilbər guşələlərindən biri olan Qax rayonu 1930- cu ildə təşkil olunmuşdur. 1963-cü ildə Qaxın ərazisi Zaqatala rayonuna birləşmişdir. 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. Ərazisi1494 km2-dir. Bir şəhər, 60 kənddən ibarətdir. Əhalisi 54 500 nəfərdir. Onlardan 77 % -i azərbaycanlılar, 14 %-i ingiloylar, 5 %-i saxurlar, 1 %-i ləzgilər və 3 %-i digər millətlərin nümayəndələridir. Şəhər əhalisi 12500 nəfərdir. Qax şəhəri dəniz səviyyəsindən 550 metr yüksəklikdə yerləşir. Bakı şəhərindən Qax şəhərinədək olan avtomobil yolunun uzunluğu 420 km-dir. Milan (Italiya), Aşvill (ABŞ), Burqas (Bolqarıstan), Potensa(İtaliya) şəhərləri Qax üçün iqlim analoqu ola bilər. Rayonun iqlimi mərkəzi hissədə mülayim isti və yarımrütubətli subtropik, yüksək dağlıqda soyuqdur.
Zəngin təbii-coğrafi şəraitə malik Qax rayonu Baş Qafqaz silsiləsinin cənub yamaclarından başlayaraq Alazan-Həftəran vadisi boyu Acınohur gölünə qədər uzanır. Ərazinin hündürlüyü Acınohur gölünün sahilində 100 m, Ahvay dağında 3480 m-dir. Şimal- şərqdən Rusiya Federasiyasının Dağıstan Respublikası, cənub-qərbdən Gürcüstan Respublikası, şimal- qərbdən Zaqatala ,cənub- şərqdən Şəki və cənub- qərbdən Samux inzibati rayonları ilə həmsərhəd olan rayon 1493,8 km2 ərazini əhatə edir. Kürmük, Qaşqaçay, Əyriçay, Qapıçay və s. çaylar rayonumuzun Gürcüstanla sərhəddi boyu axan Qanıx(Alazan) hövzəsinə aiddir.
Ərazisinin 40 %-ə qədəri dağ və meşə olan rayon zəngin bitki örtüyünə və heyvanat aləminə malikdir. Qaxın florasında 76 fəsiləyə, 290 cinsə daxil olan 500 növ, 1 relikt, 7 nəsli kəsilməkdə olan arealı azalan 18 nadir növ, ümumiyyətlə Azərbaycanın “Qırmızı kitab” ına daxil edilən və qorunması tövsiyyə olunan 30 bitki növü vardır. Qarabağla bərabər Xarı bülbülün vətəni həm də Qax rayonu sayıla bilər. Çünki Qaxın çəmənliklərində də bu nadir bitkiyə tez-tez rast gəlinir.
Qaxda həmçinin 150-dək dərman bitkisi yetişir ki, bunlardan da xalq təbabətində, fitoterapiyada geniş istifadə olunur.
Ümumiyyətlə Qaxın təbiətində 35 növ məməli heyvan və 50-dək quş növü vardır.