Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaxda “Kainatın sirrini kitablar açar” adlı Oxu bayramı keçirilib

01.05.2019

Ümummilli lider Heydər Əliyev dönə-dönə xatırladırdı ki, kitab bəşəriyyətin tərəqqisinin ən böyük vasitələrindən biridir. Kitabxanalar xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, bilik, zəka, mənəviyyat mənbəyidir.

Bu fikirlər mayın 1-də Qax rayon C.Cabbarlı adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilmiş oxu bayramında səsləndirilib. Tədbirin keçirilməsində əsas məqsədin uzun əsrlərdən bəri elmi-texniki və mədəni inkişafın daşıyıcısı olmaqla ümumbəşəri sərvətə çevrilmiş kitabı və mütaliəni təbliğ etməkdən ibarət olub. Tədbir Qax şəhər “İçəribazar” Turizm Mədəniyyət Mərkəzində təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə bayramın keçirildiyi Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda təşkil edilən kitab sərgiləri ilə tanış olublar. Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin hazırladığı, Ulu Öndərə, Xalq Cümhuriyyətinə, Azərbaycan tarixi və mədəniyyətinə aid, həmçinin “Yaddan çıxmaz Qarabağ”, “Vətənpərvər ədəbiyyat”, “Cəfər Cabbarlı-120”, “M.Rəsulzadə-135, “ 2019-Nəsili ili” və digər onlarla mövzularda kitab sərgiləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirin rəsmi hissəsini giriş sözü ilə  Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə baş məsləhətçisi Dilarə Əzizova açaraq bildirib ki, şəxsiyyətin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərin təşəkkülündə mütaliənin, oxunun rolu danılmazdır. Ona görə oxu günlərinin keçirilməsi və oxu günlərinə məktəblilərin cəlb edilməsi kitabın təbliğində mühüm addımdır. Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Güllü Əhmədova çıxış edərək, mədəniyyətimizin hamisi kimi tanınan Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışaraq, bilik mənbəyi olan kitabın daha geniş təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Diqqətə çatdırılıb ki, 33 kitabxana filialını özündə birləşdirən Qax rayon MKS-nin fondlarında hazırda 297 min 639 nüsxə kitab var. Kitabxana filialları il ərzində 23 mindən çox oxucuya xidmət göstərir.

Tədbirdə İlisu kənd məktəbinin direktoru Aybəniz Məmmədova, S.Vurğun adına Mədəniyyət Mərkəzinin əməkdaşı Nuriyyə Əlimova çıxış ediblər.

Rəsmi hissədən sonra təqdim olunan bədii hissədə Ağçay, İlisu , Marsan kənd və şəhər məktəbliləri şeir və kompozisiyalarla çıxışlar ediblər. İlisu məktəblisi  Nigar Rəşidlinin ifasında C.Cabbarlının “Ana “şeiri, Marsan kənd məktəblisi Fərda İbişovun öz qələminin məhsulu olan “İnsan qəlbi” və Natəvan Əlilinin ”Vətəni sarsıdan iş belə qalmaz” şeirləri, məktəblilərin ifasında “Qurban olum Azərbaycan” nəğməsi çox rəğbətlə qarşılanıb, Qax İncəsənət Məktəbinin rəqs kollektivinin çıxışı isə hər kəsdə xoş ovqat yaradıb.