23.04.2019
Aprelin 23-ü “Ümumdünya Kitab və Müəllif Hüququ günü” münasibətilə S.Vurğun adına Mədəniyyət Mərkəzində Qax rayon Təhsil şöbəsi və C.Cabbarlı adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə “Mənim kitablı dünyam” adlı oxu günü keçirilmişdir. Tədbiri giriş sözü ilə Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayon üzrə baş məsləhətçisi Dilarə Əzizova açaraq, UNESKO tərəfindən “Ümumdünya Kitab və Müəllif Hüququ günü”nün təsis olunması və Azərbaycanda 1997-ci ildən keçirildiyi barədə məlumat vermiş, mütaliə mənbəyi kimi kitabın əvəzsiz rol oynadığını bildirilmişdir. Tədbirin rəsmi hissəsində Qax MKS-nin direktoru G.Əhmədova, Təhsil şöbəsinin əməkdaşı Günay Mahmudova, gənc mütaliəçi Fidan Paçxartaşvili, Respublika Ədəbiyyat biliciləri müsabiqəsinin qalibi Günay Qaraxova, şairə Solmaz Elqızı və Rayon İcra Hakimiyyətinin nümayəndəsi Fərid Muradov çıxış etmişlər. Tədbirdə Dəymədağlı, Almalı, Ləkit kənd məktəblərinin şagirdlərinin təqdim etdikləri “Nəsiminin dərisinin soyulması” səhnəsi, “İtə ataram yada satmaram” görkəmli yazar Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsərindən bir parça, o cümlədən 2 nömrəli orta məktəbin şagirdlərinin təqdim etdiyi “Göyçək Fatma” nağılı hər kəsdə xoş təəssürat yaratmış, bədii qiraətçilərdən Aysel Məmmədovanın və Dərya Məmmədlinin söylədikləri şerlər, rəqs və musiqi nömrələri alqışlarla qarşılanmışdır.