Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaxda Akademik Zərifə Əliyevanın xatirəsi anılıb

24.04.2019

Aprelin 24-də Qax Heydər Əliyev Mərkəzinin əməkdaşları Qax rayon 2 nömrəli tam orta məktəbin 8-ci sinfində Zərifə xanım Əliyevanın 96 illik yubileyi münasibətilə “Azərbaycanın ziyalı qadını - Zərifə xanım Əliyeva” adlı tədbir təşkil edilib. Tədbiri H.Əliyev Mərkəzinin əməkdaşı Nazlı Mehdili açaraq bugün təşkil edilmiş tədbirin məqsədini şagirdlər üçün açıqlayaraq qeyd edib ki, Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan elminin parlaq səhifələrini təşkil edir. Sonra Lalə Nəcəfova Zərifə xanım Əliyeva haqqında geniş məruzə ilə çıxış edib. Bildirilib ki, 1968-ci ildən başlayaraq Zərifə xanım Əliyeva professional oftalmologiyanın problemləri ilə ciddi məşğul olmuşdur. Alimin ilk dəfə olaraq peşə oftalmologiyasının əsasını qoyduğu, onun keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan M.Averbax adına mükafata, ictimai xadim kimi “Əməkdar Elm Xadimi” fəxri adına layiq görüldüyü, eyni zamanda bir azərbaycan qadını kimi öz ailəsinə, elinə bağlı olduğu qeyd olunub. Sonra Aygün Sayadlının  məruzə ətrafında verdiyi sualları şagirdlər böyük həvəslə cavablandıraraq, onların Akademik Zərifə xanım Əliyeva haqqında geniş bilgilərə sahib olduqlarından xəbər veriblər. Tədbir sonda görkəmli oftalmoloq alim Zərifə xanım Əliyeva haqqında sənədli filmin nümayişi ilə başa çatıb.