Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Baş Göynük sənətkarlıq evində Cəfər Cabbarlı yaradıcılığına nəzər salınıb

22.04.2019

Şəki M.F.Axundov adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Baş Göynük sənətkarlıq evində Cəfər Cabbarlının 120 illiyi qeyd olunub. Tədbirdə Baş Göynük kənd 62 saylı kitabxana filialının kollektivi, kənd sakinləri, 2 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Baş Göynük 2 saylı orta məktəbin dil ədəbiyyat müəllimi Rəsul Əhmədov Cəfər Cabbarlının həyat və yaradıcılığı barədə məruzə ilə çıxış edib. Çıxışda qeyd olunub ki, Cabbarlının yaradıcılığı zaman etibarilə çox davam etməsə də, siyasi-ictimai cəhətdən çox əhəmiyyətli bir dövrü, 1915-1934-cü illər arasındakı iyirmi illik bir tarixi mərhələni əhatə etmişdir. Çox mühüm ictimai-siyasi hadisələrlə dolu olan bu tarixi dövrü nəzərdə tutaraq deyə bilərik ki, C.Cabbarlının ədəbi fəaliyyəti Azərbaycanda, xüsusən Bakıda kapitalizm münasibətlərinin sürətlə inkişaf etdiyi burjua və mülkədar Azərbaycanının fəhlə-kəndli sovet respublikasına çevrildiyi illərə təsadüf etmişdir. Cabbarlının böyük yaradıcılıq yolu çətin və ziddiyyətli olsa da, əsasən, yüksəliş və tərəqqi yolu olmuşdur. Sonra sənətkarlıq evinin direktoru Qərib Bəkirov çıxış edərək bildirdi ki, C.Cabbarlı ədəbiyyata şeirlə gəlmişdi və ilk mətbu şeirləri 1911-ci ildə “Həqiqəti-Əfkar” qəzetində, 1915-ci il aprel ayının 3-də isə “Məktəb” jurnalının 6-cı nömrəsində onun “Bahar” adlı şeiri nəşr olunmuşdu. Sonda sənətkarlıq evinin mədəni təşkilatçısı Nizami Salamov tədbir iştirakçılarına və tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.