Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki məktəbliləri Zaqatala və Balakən şəhərlərindəki həmkarları qarşısında çıxış ediblər

22.04.2019

Şəki 2 nömrəli şəhər Uşaq Musiqi Məktəbinin kollektivi Zaqatala və Balakən şəhərlərindəki həmkarlarının görüşünə gələrək, onların qarşısında musiqi proqramı ilə çıxış ediblər. Tədris ili ərzində qazanılmış bilgilərini sərgiləyən şagirdlərin ifalarında yerli və xarici ölkə bəstəkarlarının əsərləri, muğam dəstgahları və vokal nümunələr səsləndirilib.

Hər iki şəhərdə, ölkənin Şimal-Qərb qalası sayılan Balakən və qızıl güllər diyarı Zaqatalada baş vermiş görüşlər əsl dostluq bayramına çevrilərək, musiqi kollektivlərinin bir-birilərini daha yaxından tanımaqlarına, təcrübə mübadiləsinə və qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə səbəb olub.

Zaqatala Uşaq İncəsənət Məktəbinin direktoru Fərhad Acırqayev və Balakən Uşaq İncəsənət Məktəbinin direktoru Arifə Tagıyeva xoş ovqat bəxş edən səmimi görüşdən qaynaqlanan ürək sözlərini söyləyərək, təşkilatçılara təşəkkürlərini bildiriblər. Çıxışlarda Şəkinin Respublikanın mədəni, siyasi həyatında və iqtisadiyyatındakı əhəmiyyətli rolu xüsusi olaraq qeyd edilib.

Hər iki görüşün sonunda Şəki 2 nömrəli UMM-nin direktoru Tərlan Məmmədov tərəfindən və qarşılıqlı olaraq ev sahibləri olan kollektivlər adından xatirə hədiyyələri təqdim olunub.