07.04.2019
Azərbaycan Respublikasında 10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibətilə Balakən rayon Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında bayram tədbiri keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, rayonun bütün idarə və təşkilatlarının kollektivləri iştirak ediblər. Əvvəlcə Mədəniyyət və İstirahət parkında ağacəkmə aksiyası təşkil olunub. Sonra mədəniyyət işçilərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub. Tədbirdə çıxış edən Balakən rayon Mədəniyyət Mərkəzinin direktoru Arzu Ocaxverdiyev, Gənclər İdarəsinin rəisi Rasim Paçalov 10 milyonuncu vətəndaşın dünyaya gəlməsi ilə əlaqədar ölkə Prezidenti cənab İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın xalqa təbrikini tədbir iştirakçılarına çatdırıblar. Çıxışlarda 2019-cu il Azərbaycan xalqının maddi rifah halının yüksəldilməsi istiqamətində Prezident İlham Əliyevin verdiyi Sərəncamların, qəbul etdiyi qərarların təqdirəlayiq olduğu bir daha vurğulanaraq, 10 milyonuncu vətəndaşın dünyaya gəlişinin ölkədə əhaliyə göstərilən diqqətin təzahürü və ən əlamətdar hadisə kimi bayram edildiyi qeyd olunub.