Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə“Novruz təranələri” baxış-müsabiqəsinin yekun konserti keçirilib

01.04.2019

Aprelin 1-də Şəki M.F.Axundzadə adına şəhər Mədəniyyət Mərkəzində “Novruz Təranələri” ənənəvi baxış-müsabiqəsinin 40 illiyinə həsr olunmuş müsabiqə qaliblərinin yekun konserti baş tutmuşdur. Azərbaycanın milli musiqi dəyərlərini təbliğ  etmək, yetişən gənc nəsildə bu dəyərlərə dərin məhəbbət hissi aşılamaq və istedadların üzə çıxarılması məqsədini daşıyan müsabiqə 2019-cu ilin mart ayının 1-dən 11-ə qədər davam etmişdir. Müsabiqədə Şəki şəhərinin və kəndlərinin 200-dən artıq umumtəhsil məktəblərindən cəlb edilmiş  yeniyetmə gənclər iştirak etmiş və onların arasından ən istedadları seçilərək mükafatlara layiq görülmüşlər.

Tədbirdə Şəki Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov,  Təhsil şöbəsinin metodisti Rəşad Rəşidov və MİHİ Şəki rayon Komitəsinin təlimatçısı N.Əliyeva çıxış edərək,  müsabiqənin bədii özfəaliyyət dərnəklərinin inkişaf etdirilməsi, mədəni-maarif müəssisələrinin işinin daha da yaxşılaşdırılması, Azərbaycan milli musiqisinin, xalq yaradıcılığının, folklor və müasir rəqs janrının təbliği sahəsində müstəsna əhəmiyyəti olduğunu qeyd ediblər  .

Sonra qaliblərin ifasında geniş konsert proqramı təqdim olunub. Münsiflər heyətinin üzvləri ayrı-ayrılıqda I, II, III yerlərin sahiblərini elan ediblər, qaliblərə MİHİ Şəki rayon Komitəsinin və Şəki Gənclər və İdman İdarəsinin təsis etdiyi diplom və fəxri fərmanlar təqdim olunub.

Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Göybulaq folklor klubunun rəqs qrupu III, Qudula kənd folklor klubunun “Qönçə” folklor kollektvi, B.Axundov adına folklor evinin “Bənövşə” rəqs kollektvi, V.İbrahim adına şəhər folklor evinin bədii qirayətçiləri II, Baş Küngüt kənd diyarşünaslıq evinin bədii özfəaliyyət kollektvinin üzvü, saz ifaçısı  Murad Məmmədrəhimov və İ.Salmanov adına şəhər folklor klubunun bədii qirayət dərnəyinin üzvü Zümrüd Əliyeva I yerlərə layiq görülüblər. N.Bədəlov adına şəhər folklor evinin folklor kollektvi isə həvəsləndirici mükafatla təltif olunub.

Sonda Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov çıxış edərək, müsabiqədə iştirak edən yarışmaçıların hər birinə və münsiflər heyətinə bahar ovqatlı konsert proqramının təşkilinə görə öz minnətdarlığını bildirib.