17.01.2018
Xalqımızın qan yaddaşında əbədi yaşayan 20 Yanvar faciəsi respublikamızda hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir. 1990-cı il yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. Bu faciədən artıq 28 il ötür. Şəki Dövlət Rəsm Qalereyasında 17 yanvar tarixində 20 Yanvar faciəsinə həsr olunmuş “Tariximizin qanlı və şanlı səhifəsi” adlı sərgi təşkil olunmuşdur. Sərgidə hər il olduğu kimi Şəkili rəssam M.Həsənovun qalereyaya hədiyyə etdiyi “Ana fəryadı” əsəri və Ə.Zəkiyevin keramika şamotdan hazırlanmış “20 Yanvar” kompozisiyası nümayiş olundu. Əsərdə ana Azərbaycan bayrağına bürünüb öz oğul və qızını düşmənin qərəzli hücumundan qorumağa çalışır. Rəmzi xarakter daşıyan bu əsər böyük məna kəsb edir. Bu faciəni canlı deyil, televiziya verilişlərindən şahidi olan bugünün orta məktəb şagirdləri faciəni bütün təfərrüatları ilə öz rəsmlərində əks etdirmişdilər. Sovet adlı “hərbi maşın”-ın tanklarını, əsgərlərini, dinc əhaliyə qarşı amansız hücumlarını , vəhşiliklərini, şəhərin bir gecədə al-qana bürünməsini şagirdlər rəsmlərdə ustalıqla təsvir etmişdilər. Sərgiyə baxış keçirildi və maraqla qarşılandı. Sərgi qalereyanın II-ci zalında 30 yanvaradək nümayiş etdiriləcək.