27.03.2019
Martın 27-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Gənclər Fondu və Şəki şəhər İcra Hakimiyyəti ilə birgə Heydər ƏIiyev Mərkəzində “Vətənin müdafiəsinə hazıram!” devizi altında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş kütləvi tədbir keçirib.
Tədbirdən öncə Xidmət rəisinin müavini, general-mayor Yusif Mirzəyev, Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Dövlət Himninin ifası ilə başlayan orta məktəblərin yuxarı sinif şagirdlərinin, gənclərin, ictimaiyyətin, şəhid ailələri nümayəndələrinin, veteranların və rayon hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə iştirakçılar əvvəlcə soyqırım qurbanlarının xatirəsini ehtiramla anıblar.
Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi bu tədbirin əhəmiyyətini xüsusi vurğulayıb. Xidmət tərəfindən vətənpərvərlik mövzusunda Şəki məktəbliləri arasında müsabiqənin keçirilməsinin gənc nəslin Vətənə bağlılıq ruhunda yetişməsinə təsirini diqqətə çatdırıb. O, 1918-ci ilin martından başlayaraq daşnaklar tərəfindən Bakının və ümumilikdə Qafqazın azərbaycanlılardan təmizlənməsi məqsədilə hiyləgər və amansız planın icrasına başlanıldığını bildirib. Bu zaman Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər bölgələrdə ermənilər xüsusi amansızlıqla dinc azərbaycanlılara qarşı soyqırım törədib, kişilərlə yanaşı minlərlə ahıl, qadın və uşağı da məhz azərbaycanlı olduqları üçün dəhşətli üsullarla qətlə yetiriblər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Yusif Mirzəyev Xidmət tərəfindən gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlərdən ətraflı söhbət açıb. Vətənpərvərlik tərbiyəsində Azərbaycan tarixinin hərtərəfli öyrənilməsinin vacibliyini vurğulayıb.
Gənclər Fondunun şöbə müdiri Orxan Ərəbov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli 1918-ci ildə daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri kütləvi qırğınların insanlığa və bəşəri dəyərlərə sığmayan cinayət olduğunu deyib. XXI əsrdə də ermənilərin bu mənfur əməllərini davam etdirdiyini vurğulayıb.
Qarabağ Müharibəsi Veteranları, Əlilləri, Şəhid Ailələri” İctimai Birliyinin Şəki rayon təşkilatının sədri Məmmədnuru Əzizov ermənilərin xalqımıza qarşı həyata keçirdikləri qanlı soyqırım aktlarının gənclərə çatdırılmasının vacibliyini, bu məqsədlə keçirilən anım tədbirlərinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rolu olduğunu bildirib.
Tədbirdə Şəki şəhər orta məktəb şagirdləri arasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü mövzusunda keçirilmiş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Münsiflər heyətinin qərarına əsasən 1-ci yerə Şəki şəhər 10 nömrəli tam orta məktəbin şagirdi Nərgiz Abbaszadə, 2-ci yerə Bideyiz kənd tam orta məktəbin şagirdi Nuray Lətifli, 3-cü yerə isə Şəki şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Fəridə Mustafayeva layiq görülüblər. Qaliblərə müvafiq diplomlar və mükafatlar təqdim edilib.
Sonda Şəki rayon özfəaliyyət dərnəyi və məktəblilərin vətənpərvərlik ruhunda hazırladıqları ədəbi-bədii proqram təqdim olunub.