19.03.2019
Martın 19-da Oğuz rayon Mərkəzi Kitabxanasında gənc yazar İnanc Hüseynlinin “Borclu olduğumuz qəhrəmanlar” kitabının təqdimatı keçirilmişdir.
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi olmuş gənc yazıçı İnanc Hüsenlinin “Borclu olduğumuz qəhrəmanlar” layihəsi əsasında, oradan ayrılan vəsait hesabına maliyyələşdirilmişdir. Kitab vətənimiz uğrunda şəhid olmuş Oğuzlu şəhidlərə həsr olunmuşdur. Kitabın redaktoru yazıçı N.Hüseynli, ön söz isə Vüsal Oğuzundur. Təqdimatda Oğuz rayonunun ziyalıları, məktəblilər, mərkəzi kitabxananın işciləri, rayon sakinləri iştirak edirdilər.
Əvvəlcə Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri N.Qasımova tədbiri açaraq kitab və onun ərsəyə gəlməsi haqqında məlumat verdi .“Oğuz yurdu” qəzetinin redaktoru Nazim Hüseynli kitab haqqında fikirlərini söyləyərək, kitabda Oğuzun 70 şəhidi haqqında məlumat toplandığını bildirdi. Sonra U.Salamova, Rayon İcra Hakimiyyətinin əməkdaşı E.Dadaşov ,Gənclər İdarəsinin nümayəndəsi Şaiq Rüstəmov, şairə Şükufə Ruhlu və başqaları çıxışlar etdilər. Kitabın müəllifi gələn qonaqlara və tədbirin iştirakçılarına öz təşəkkürünü bildirərək, bu kitabın Oğuz şəhidlərinin xatirəsinə bir ehtiram olduğunu dilə gətirdi. Tədbirin sonunda iştirakçılara kitablar hədiyyə olundu.