19.03.2019
Hər il böyük ruh yüksəkliyi ilə qeyd olunan, milli bayramımız olan Novruz bayramı münasibətilə Şəki Dövlət Rəsm Qalereyasında 19 mart tarixdə “İlaxır-2019” adlı sərgi təşkil olunub. Sərgidə Şəki uşaq incəsənət məktəbi şagirdlərinin 135 ədəd boyakarlıq, 118 ədəd qrafika, ümumilikdə isə 250-dən çox işi nümayiş etdirilib.
Tədbirdə Rəssamlar İttifaqının Şəki şöbəsinin sədri Tahir Həmidli, uşaq incəsənət məktəbinin müəllim, şagird kollektivi və valideynlər iştirak ediblər. Sərgiyə baxış tamamalandıqdan sonra qalereyanın direktoru İlahə Məmmədova iştirakçılar qarşısında çıxış edib. Çıxışda artıq ənənə şəklini almış bu əməkdaşlıq nəticəsində balaca rəssamların baharın gəlişinə, Novruz atributlarına, bayram adət-ənənələrinə həsr etdikləri rəsm işlərinin bayram ərəfəsində şəhərimizə gələn yerli və xarici turistlər tərəfindən maraqla qarşılandığı qeyd olunub. Sonra çıxış üçün söz Rəssamlar İttifaqının Şəki şöbəsinin sədri Tahir Həmidliyə verilib. O, çıxışında rəssamlıq sahəsinin inkişafında incəsənət məktəbinin rolunu yüksək qiymətləndirib və qeyd edib ki, bu belədə olmalıdır, çünki Şəki sənətkarlar diyarıdır, yüksək səviyyəli tədbirlərə ev sahibliyi edir. Sonda UİM-nin rəssamlıq şöbəsinin müdiri Səbuhi Məmmədov çıxış edərək, şagirdlərin bu sənətə yiyələnmək üçün yorulmadan çalışdıqlarını və bir çox müsabiqələrdə mükafatlara layiq görülərək, qazandıqları nailiyyətlərdən danışıb.
Sərgiyə baxışın ayın axırına kimi davam edəcəyi və bağlanışda fərqlənən şagirdlər mükafatlandırılacağı nəzərdə tutulmuşdur.