Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində məktəblilər Zaqatala rayonunda qonaq olublar

16.03.2019

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan Gəncə şəhərinin, Gədəbəy, Göygöl, Samux, Şəmkir, Goranboy, Kəlbəcər, Xocalı və Tərtər rayonlarının məktəbliləri martın 16-da, günün ikinci yarısında Zaqatala rayonuna gəliblər.

Tur-aksiya iştirakçıları Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayonun rəhbər işçiləri tərəfindən qonaqpərvərliklə qarşılandılar.

Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova məktəblilərə Zaqatalanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə məlumat verib. Bildirilib ki, Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında yerləşən, 129 min nəfərə yaxın əhalisi olan Zaqatala rayonunda 20-dən çox xalqın nümayəndəsi uzun illərdir dostluq və qardaşlıq şəraitində yaşayır.

Sonra məktəblilər Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, Mərkəzdə müxtəlif təyinatlı bölmələr fəaliyyət göstərir. Binanın birinci mərtəbəsindəki ekspozisiya zalında Ulu Öndərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Binada, həmçinin akt və konfrans zalları, elektron kitabxana, kinozal, müxtəlif dərnək otaqları, fotostudiya və poliqrafiya emalatxanası yerləşir. Mərkəzdə fəaliyyət göstərən rəqs, rəsm, gitara, gənc fotoqraf, dekorativ tikmə, xalçaçılıq və toxuculuq dərnəklərində hər gün xeyli sayda yeniyetmə və gənc məşğul olur.

Tur-aksiya iştirakçıları “Qızılgüllər diyarı” Zaqataladan zəngin təəssüratlarla ayrılıblar.