23.02.2019
23 fevral 2019-ci il tarixdə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzi və Xocalı şəhər 3 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 27-cı ildönümünə həsr olunmuş “Arzuları dönən şəhər” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir.
“Xocalı faciəsi bizim ağrılı, acılı yerimizdir. Bu faciə insanlığa qarşı törədilmiş ən ağır cinayətdir. Amansız qatillər hər yerə əl qoydular, qadın, körpə, yaşlı, məhəl qoymadan olmazın cinayətlər törətdilər. Azərbaycan xalqı minlərcə şəhid verdi, insanlar tələf oldu. Buna baxmayaraq xalqımız öz mətinliyini və iradəsini itirmədi”.
Bu sözlərlə başlanılan anım tədbirində öncə Xocalıda şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Xocalı şəhər sakini, 3 saylı tam orta məktəbin direktoru Eldəniz Məhərrəmov çıxış edərək, o illərin ağrı və acılarından söhbət açdı və qeyd edərək bildirdi ki, bu günlər Vətənimiz, ölkəmiz üçün matəm günüdür. Xalqımız, Azərbaycanın vətəndaşları Xocalı soyqırımının iyirmi yeddinci ildönümünü yaşayır, eyni zamanda Xocalı faciəsini, soyqırımını dərin hüznlə yad edirlər. Biz hamımız Xocalıda soyqırım nəticəsində həlak olanların, xəsarət alanların, şikəst olanların, əsirlikdə qalıb, hələ xəbəri bilinməyənlərin hamısına dərin hörmət və ehtiramımızı bildiririk. Bütün xocalılara onlarla bir yerdə olduğumuzu bəyan edirik. Çıxışının sonunda Eldəniz Məhhərrəmov tədbirin araya-ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə, xüsusilə də Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilova və bədii rəhbər Rəşad Rüstəmova Xocalı sakinləri adından öz minnətdarlığını bildirdi.
Tədbirdə Mədəniyyət Mərkəzinin dirijoru Zabil Məmmədovun,müğənni Mustafa Salamzadənin, Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət fəaliyyət göstərən B.Ələsgərova adına şəhər folklor klubunun metodisti, kamança ifaçısı Rüstəm Xəlilməmmədovun, Mədəniyyət Mərkəzinin aparıcı metodisti Nazilə Qaffarovanın, Xocalı şəhər məktəbinin şagirdləri Aytən Həsənovanın,Gültəkin Cəlilovanın, Fidan Həsənovanın və Zümrüd Əliyevanın iştirakı ilə Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olundu.
Tədbir Vətən övladlarını ana torpağın müdafiəsinə çağıran “Qarabağ şikəstəsi”-nin sədaları altında tamamlandı.