21.02.2019
21 fevral 2019-cu il tarixdə Balakən MKS-nin İtitala kənd kitabxana filialında “Beynəlxalq Ana Dili Günü”nə həsr edilmiş “Ana dili” adlı poeziya gecəsi keçirildi.
Poeziya gecəsində A.Balayev adına İtitala tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edirdi.
Gecədə məktəbin dil-ədəbiyyat müəllimi T.Vəliyeva “Ana dilimizi sevək, sevdirək” mövzusunda məruzə ilə çıxış etdi. O, qeyd etdi ki, insanlar bir-birləri ilə ünsiyyət yaratmaq üçün dildən istifadə edirlər. Hər bir xalqın özünəməxsus dili vardır. Lakin elə xalqlar da var ki, öz dilləri yoxdur və başqa ölkənin dilindən istifadə edirlər. Öz dili olmayan xalqlar daim dil həsrəti çəkir. Hamımız analarımızın laylaları ilə böyümüşük. Həmin laylaları heç vaxt unutmuruq. Çünki o bizə əziz, doğma gəlir. Xoş səslənir. Axı o laylalar, nağıllar, oxşamalar bizim öz doğma dilimizdədir - Azərbaycan dilindədir. Bizim dilimiz dəyərlidir, əzizdir, müqəddəsdir və odur ki, dilimizi həmişə qorumalıyıq. Sonra məruzə ətrafında kitabxana müdiri R.Qurbanovanın və Z.Əliyevanın çıxışları dinlənildi.
Tədbirin sonunda şagirdlər S.Rüstəmin, M.Müşfiqin, S.Vurğunun, R.Rzanın, M.Arazın və digər şairlərin şeirlərini söylədilər və səhnəciklər göstərdilər.