Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə “Həyatı nəsillərə örnək olan Qəhrəman” kitabının təqdimatı keçirilib

22.02.2019

Fevralın 22-də M.F.Axundov adına Mədəniyyət Mərkəzində Şəki şəhər mərkəzi kitabxanası və Şəki şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Oğuz yurdu olan Şəkinin Kiş kəndində doğulub boya-başa çatmış, Azərbaycan Silahlı Qüvvələrinin gənc zabiti, erməni təxribatçılarının qarşısını alarkən 25 fevral 2017-ci il tarixdə qəhrəmancasına həlak olmuş, mayor Aqşin Abdullayev haqqında filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinovun qələmə aldığı “Həyatı nəsillərə örnək olan Qəhrəman” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, mədəniyyət işçiləri, əsgərlər, şəhid Abdullayevin doğmaları iştirak ediblər.

Kitab Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ibrətamiz belə bir kəlamı ilə başlayır: “Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük bir məhfumdur. Bu sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur qəhrəmanlıq.”

Təqdimatda kitabın müəllifi, filologiya üzrə fəlsəfə doktoru və Kamil Adışirinov, Qarabağ veteranları və əlilləri, şəhid ailələri cəmiyyətinin sədri Məmmədnuru Əzizov, şəhidin anası Dursun Abdullayeva, şəhidin döyüş yoldaşı gizir Şəhrur Bahadır Əliyev, Mədəniyyət Mərkəzinin metodisti Nazilə Qaffarova, 3 №-li orta məktəbin ədəbiyyat müəllimi, şair Zaur İlhamoğlu, MKS-in şəhər 9 №-li kitabxana filialının müdiri Rüfanə Həsənova çıxış ediblər. Çıxışlarda Vətəni, torpağı və əsgəri uğrunda öz canını əsirgəməyən qəhrəman zabitin ömür yolunun, gənc nəslin vətənpərvərlik, insanpərvərlik, torpağa bağlılıq ruhunda tərbiyə olunmasında əsl örnək və nümunə olacağı xüsusi olaraq vurğulanmışdır.

Tədbirin sonunda müəllif “Həyatı nəsillərə örnək olan Qəhrəman” kitabının 10 nüsxəsini Şəki şəhər mərkəzi kitabxanasına hədiyyə edərək, təşkilatçılara və bütün iştirakçılara təşəkkürünü bildirib.