21.02.2019
Fevralın 21-də Balakən rayon Mərkəzi Kitabxanasında “Xocalı – qan çanağı” adlı dəyirmi masa keçirilib. Tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin Balakən rayon üzrə nümayəndəsi Ş.Hacıyeva, MİHİ-nin Balakən rayon üzrə sədri S.Yusifova, MKS-nin və kənd kitabxana filiallarının işçiləri iştirak ediblər. Tədbiri giriş sözü ilə MKS-nin direktoru M.Tağıyeva açaraq, əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra M.Tagıyevanın çıxışı dinlənilib. Çıxışda qeyd edilib ki, bəşər tarixində ən dəhşətli hadisələrdən biri olan Xocalı soyqırımının törədilməsindən bizi 27 illik bir zaman məsafəsi ayırır. O gecədən ki, təpədən-dırnağa qədər silahlanmış erməni quldur dəstələri sovet ordusunun Qarabağımızın Xankəndi bölgəsində yerləşdirilmiş 366-cı alayı ilə birlikdə Xocalını yandırıb külünü göyə sovurmuşlar. Əliyalın dinc sakinləri qəddarcasına qətlə yetirib, girov götürdüklərini isə təhqirə, həqarətə, zülm və işgəncələrə məruz qoymuşlar.
Çıxış edən şəhər kitabxanasının müdiri G.Muradova, Uşaq şöbəsinin müdiri N.Rüstəmova, Katex kənd kitabxana filialının müdiri T.Əfəndiyeva, Talalar kənd kitabxana filialının müdiri M.Hacıxanova, Qullar kənd kitabxana filialının müdiri S.Yetimova, Qaysa kənd kitabxana filialının müdiri F.Çunayeva və başqaları Xocalı faciəsindən və bu faciəni törədən səbəblərdən danışıblar.
Tədbirin sonunda Xocalı faciəsi ilə bağlı video-çarx nümayiş etdirilib və iştirakçılar
“Xocalı dərdim mənim” adlı sərgi ilə tanış olublar.