24.01.2019
Yanvar ayının 29-da M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində həmyerlimiz, görkəmli bəstəkar Şəfiqə Axundovanın yaradıcılığına həsr olunmuş gecə keçiriləcəkdir.
Şəfiqə Qulam qızı Axundova 21 yanvar 1924-cü il tarixdə Şəki şəhərində anadan olub. Şərqdə ilk opera yazan qadın bəstəkar kimi tarixə düşən Şəfiqə Axundova 1973-cü ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi, 1998-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını, bəstəkarlıq ixtisası üzrə B.Zeydmanın sinfini bitirib. 2004-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib. Ş.Axundova 26 iyul 2013-cü ildə Bakı şəhərində vəfat etmişdir.