Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Vətəni onun kimi sev”

21.01.2019

Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Oğuz şəhər 3 saylı orta məktəbin   6-cı sinfində 20 yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Vətəni onun kimi sev” layihəsi çərçivəsində tematik dərs keçirmişlər. Tədbir 20 yanvar faciəsinin qurbanlarından biri olan şəhid - şair Ülvi Bünyadzadəyə həsr edilmişdir. Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova açdıqdan sonra Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

M.Abbasova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet hərb maşınının azadlıq, istiqlaliyyət uğrunda küçələrə, meydanlara çıxan Azərbaycan xalqına qarşı törətmiş dəhşətli cinayət hadisəsi haqqında məlumat verdi və qeyd etdi ki, bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu dövr həm də qəhrəmanlıq, cəngavərlik dövrü idi. Yeniyetmə gənclərin elə küçələrdəcə avtobuslara minib birbaşa cəbhəyə, döyüşə tələsdiyi, bədəndə axan qanların qaynadığı, hisslərin coşduğu, bəzən onillərlə dərk edilə bilməyən milli mənliyin bir anda dərk edildiyi hümmət zamanı idi, qeyrət zamanı idi! Şəhid Ülvi Bünyadzadə kimi. Ülvi Bünyadzadə sadəcə özünə, şeirinə çəkilmədi, “ölümünə çəkildi” və torpağına qatışaraq onu yağılara vermədiyinə əminliklə getdi. Bu gedişi ilə nəsillərə örnək oldu. Amma həm də böyük bir könül dəftərini, öz poetik pafosunu, lirik hüznünü də qalıb yaşayanlara ərmağan etdi.

Daha sonra şagirdlər 20 yanvar şəhidi Ülvi Bünyadzadə haqqında videoçarxa tamaşa ediblər. Şağirdlərin ifasında Ülvi Bünyadzadənin şeirləri səsləndirilib. Tədbirdə MKS-nin Qarabulaq kənd kitabxana filialının kitabxanaçısının hazırladığı “Qan yaddaşımız” adlı sərgi nümayiş olunub. Şagirdlərə Heydər Əliyev Mərkəzinin hazırladığı bukletlər hədiyyə edilib.