21.01.2019
21 yanvar 2019-cu il tarixdə Oğuz rayon Heydər Əliyev Mərkəzində “20 yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq “Müstəqillik tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirildi. Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin, Oğuz rayon Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin, Tarix-diyarşünaslıq muzeyinin, Oğuz MKS-nin əməkdaşları, Oğuz şəhər 2 saylı və 3 saylı məktəbin şagird və müəllim kollektivi iştirak etdilər. Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova açdı. Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxışda bildirdi ki, Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 1990-cı ilin qanlı yanvarından 29 il ötür. Həmin gün azadlıq, istiqlaliyyət uğrunda küçələrə, meydanlara çıxan Azərbaycan xalqına qarşı törədilmiş ağılasığmaz terror aktı dəhşətli bir cinayət hadisəsi kimi tarixə düşmüşdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə təpədən-dırnağa qədər silahlanmış sovet ordusu hissələri heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə və Azərbaycanın bir sıra digər rayonlarına yeridilərək Azərbaycan xalqına vəhşicəsinə divan tutdu. Torpaqlarının bir qarışını da düşmənə qıymayan xalq ayağa qalxdı və bu ayrı-seçkiliyə, ədalətsizliyə dözməyərək, “Torpaqdan pay olmaz!” deyərək etiraz səsini ucaltdı. Öz konstitusiya hüquqlarının bərqərar ediməsi tələbi ilə küçə və meydanlara çıxan dinc əhali qəflətən gülləboran edildi, insanlar hətta faşistlərin də törətmədikləri qəddarlığa məruz qaldılar. 20 Yanvar faciəsinə ilk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə siyasi-hüquqi qiymət verilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də bu məsələni geniş müzakirə edərək qanlı hadisəyə siyasi-hüquqi qiymət verdi. Ümummilli lider Heydər Əliyevin yolunu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev şəhid ailələrinə böyük diqqət və qayğı göstərir.
Daha sonra “Qanı ilə azadlıq dastanı yazanlar - 20 yanvar şəhidləri” adlı videoçarx təqdim edildi.
Tədbirdə Oğuz şəhər 2 saylı məktəbin 8-ci sinif şagirdi Kamran Qədirli “Şəhidlərimizin qisasını alacağıq” adlı çıxışını etdi. O öz çıxışında qeyd etdi ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin dəhşətli gecədə həlak olan Vətən oğulları Azərbaycan tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. İnanırıq ki, biz şəhidlərin ruhunu sevindirəcək, onların səpdiyi azadlıq toxumunun cücərtilərini göyərdəcək, Qarabağ torpağını, eləcə də işğal altında olan bütün torpaqlarımızı düşməndən azad edəcək, şəhidlərimizin qisasını alacağıq!
Daha sonra Oğuz şəhər 3 saylı məktəb –liseyin 6 və 7-ci sinif şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya təqdim olundu.
Oğuz rayon İcra Hakimiyyətinin məsul işçisi Cavid Həmidov tədbirə yekun vuraraq qeyd etdi ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 yanvar gününü, Vətənin suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarını təbliğ etmək hər birimizin vətəndaşlıq borcudur.