18.01.2019
18 yanvar 2019-cu il tarixində Balakən rayon mərkəzi kitabxanada 1990-ci il 20 Yanvar hadisələrinin 29-cu il dönümüilə əlaqədar “Başın sağ olsun Vətən” adlı tədbir keçirildi. 20 Yanvar faciəsində canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə MKS-in direktor müavini Mehriban Cuxova açaraq 1990-cı ilin 20 Yanvar günü Azərbaycanın müasir tarixinə ən faciəli günlərindən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil olduğunu, bu tarixin bütün Azərbaycan ərazisində Azərbaycan xalqının azadlıq səsi, haqq-ədalət, müstəqillik və suverənliyi uğrunda mübarizəsinin simvolu kimi qeyd edildiyini və şəhidlərin daim qəlbimizdə yaşayacağını vurğuladı.
Tədbirdə kitabxana işçiləri ilə yanaşı keçmiş sovetlər birliyində Rayon Partiya Komitəsinin birinci katibi işləmiş Təranə xanım Əliyeva, Qarabağ Əlilləri və Şəhid Ailələr İctimai Birliyinin sədr müavini S.Şibliyev, “Balakən” qəzetinin redaktoru Z.Həsənli də iştirak etdilər. Talalar kənd tam orta məktəbinin IV sinif şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirin sonunda 20 Yanvar faciəsini əks etdirən sənədli filmə və şəhidlərin fotolarını əks etdirən sərgiyə baxış oldu