17.01.2019
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar günü respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.
Yanvar ayının 17-də Oğuz rayon mərkəzi kitabxanasının təşkilatçılığı ilə Mərkəzi kitabxananın oxu zalında 20 Yanvar hadisələrinin 29-cu ildönümünə həsr edilmiş “Qanlı və şanlı tariximiz” adlı ədəbi-bədii kompozisiya təşkil olundu.
Tədbirdə Tarix-diyarşünaslıq muzeyinin, Heydər Əliyev Mərkəzinin, Gİİ-nin, Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, H.Babayev adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri iştirak edirdilər. Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Nəzakət Qasımova 20 Yanvar hadisəsinin tarixi haqqında geniş məlumat verdikdən sonra, mərkəzi kitabxananın uşaq şöbəsinin baş biblioqrafı Təranə İsayevanın “O qanlı gecədə uşaqlara da aman verilmədi”, oxuculara xidmət şöbəsinin işçisi Almaz Cəfərovanın “20 Yanvar - Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi” adlı məruzələri dinlənildi. Sonra YAP Oğuz Rayon Təşkilatının aparat rəhbəri Mehman Ramazanov, Gİİ-nin rəis müavini Şaiq Rüstəmov çıxış edərək, Azərbaycanın bu günkü həyatı üçün 20 Yanvar şəhidlərinə minnət borcumuzun olduğunu dilə gətirdilər. Sonra Uşaq Gənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən “Bədii qiraət və dram” dərnəyinin üzvləri “Qanlı və şanlı tariximiz” adlı kompozisiya ilə çıxış etdilər. Daha sonra 20 Yanvar hadisəsini özündə əks etdirən video-çarx nümayiş olundu. Tədbirin sonunda iştirakçılar “20 Yanvar - əsarətin son gecəsi” adlı sərgiyə baxış etdilər.