17.01.2019
17 Yanvar 2019-cu il tarixdə Şəki Tarix-Diyarşünaslıq muzeyində “Şəhidlər ölməz, vətən bölünməz” adlı tədbir keçirilib. Tədbirdə muzeyin və Xalq Tətbiqi Sənəti Muzeyinin kollektivləri iştirak etmişlər.
Səhər saatlarında muzeyin həyətində açılmış “Şəhidlər bulağı”nın ətrafında təmizlik və abadlıq işləri görülərək, bulağın önünə gül-çiçək dəstələri düzülmüşdür.
Tədbiri Şəki Tarix-Diyarşünaslıq muzeyinin direktoru Yaqut Cəlalova açdıqdan sonra çıxışlara yer verilib. Çıxışlarda qeyd olunub ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 29 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Sovet ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. SSRİ 1956-cı ildə Çexoslovakiyaya, 1968-ci ildə Macarıstana və 1979-cu ildə Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi.
Çıxışlar tamamlandıqdan sonra 20 Yanvar hadisələrinə həsr edilmiş foto-sərgi nümayiş etdirildi.