16.01.2019
Hər bir tarixi hadisə ictimai mahiyyətindən asılı olaraq xalqın yaddaşında yazılı və bədii sənət əsərləri formasında öz əksini tapır. Xalqların azadlıq mübarizəsi, bu müqəddəs amal uğrunda verilən qurbanlar ədəbiyyat və sənətin təcəssüm obyekti kimi rəsmlərdə, ədəbi nümunələrdə, səhnə və ekran əsərlərində, musiqidə yaşadılır. 1990-cı ilin Qara Yanvarı da Azərbaycan xalqının yaddaşına qanla yazılan səhifələrdəndir. 20 yanvar təkcə azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı səhifələrindən biri, insanlığa qarşı cinayətdir. Faciədən illər ötsə də tariximizin qəhrəmanlıq səhifəsi haqqında hələ də yüzlərlə təsviri sənət və musiqi nümunələri, film və ədəbi əsərlər yaradılır.
20 Yanvar faciəsindən artıq 29 il ötür. Yanvarın 16-da Şəki Dövlət Rəsm Qalereyasında faciəyə həsr olunmuş “Sənətdə yaşayan qan yaddaşımız” adlı sərgi təşkil olunub. Şəki 2 saylı tam orta məktəbin və Şəki şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəblərinin kollektivlərinin də iştirak etdiyi sərgidə əsasən Şəki uşaq incəsənət məktəbi şagirdlərinin rəsmləri nümayiş etdirilib.
Sərgiyə baxış tamamlandıqdan sonra, Şəki Dövlət Rəsm Qalereyasının direktoru İlahə Məmmədova iştirakçılar qarşısında çıxış edib. Çıxışda şagirdlərin sərgiyə təqdim etdikləri rəsmlərin həcminin kiçik olsa da belə, böyük məna kəsb etdiyi, bu günkü yeniyetmə nəslin həmin faciənin dəhşətlərinin şahidi olmasalar belə, kompozisiya baxımından üzərlərinə düşən vəzifənin öhdəsindən yaş etibarı ilə layiqincə gəldikləri qeyd olunmuşdur.