16.01.2019
Azərbaycan xalqının əsrlərlə içində boğub saxladığı qəhrəmanlığnı və azadlıq harayını 20 yanvar 1990-cı il hadisələri üzə cıxardı. 20 yanvar günü 1990-cı ilə kimi, illərlə təqvimdə vərəqlədiyimiz, baxaraq keçdiyimiz adi günlərdən biri idi. Tarixi xalq özü yazır. 1990-cı il 20 yanvar gününü də xalq Azərbaycanın tarixinə qəhrəmanlıq salnaməsi kimi yazdı.
Yanvarın 15-də Sabit Rəhmanın Şəki şəhərindəki ev muzeyində “Şəhid qanına dönən qərənfil” adlı tədbir keçirildi. Əvvəlcə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə muzeyin direktoru Pərvanə İskəndərova “Yeni tarix yazan xalqım” adlı məruzə ilə çıxış etdi.
Şəki Musiqi Kollecinin tələbələrinin, 3 nömrəli və 21 nömrəli tam orta məktəblərin şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş musiqilər və şerilər səsləndirildi.
Sonra muzeyin bərpaçı rəssamı Aynur Mikayılzadənin “Dəyişən Qərənfilim” adlı məruzəsi dinlənildi. O, öz çıxışında qeyd etdi ki, illərlə sevgi gülü olan qərənfil, 1 gündə şəhid gülünə döndü, şəhidlərimizin məzarını bəzədi.
Tədbir tamamlandıqdan sonra muzeyin kollektivi və qonaqlar birlikdə Şəki şəhərinin ən səfalı guşələrindən birində ucaldılmış Şəhidlər Xiyabanını ziyarət etdilər.