23.11.2018
M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən M.İsmayılov adına diyarşünaslıq evi, MKS-nin N.Nərimanov adına 8 saylı kitabxana filialı ilə birgə xalq şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr olunmuş “İşıqlı dünyadan necə əl çəkim” adlı xatirə axşamı təşkil etmişdir. Tədbiri giriş sözü ilə diyarşünaslıq evinin direktoru Tahirə Qarayeva açdı və şairin həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edərək bildirdi ki, Müşfiq poeziya aləmində ildırım kimi çaxdı, şimşək kimi parladı. Sonra bu parıltı günəşə, ulduzlara çevrildi və hələ də parlamaqdadır. Hələ min illər sonra da parlayacaqdır. Müşfiqin yaradıcılığı haqqında çox yazılıb. Onun həyat və yaradıcılılığına şeirlər, poemalar, əsərlər, məqalələr həsr olunub. Bir sözlə onun haqqında günlərlə, aylarla danışsaq bitməz. Sonra söz 19 saylı məktəbin Ədəbiyyat müəllimi Afət Səmədovaya verildi. Afət müəllimə qeyd etdi ki, Müşfiqi bütün nəsillərə sevdirən onun ürəkdən gələn səmimiyyət dolu poeziyasının xalq ruhu ilə bağlılığı, doğma Azərbaycanımızı böyük məhəbbətlə tərənnüm etməsi, qəlbləri sevindirməsidir. Müşfiq ədəbiyyat tariximizdə, xalqımızın yaddaşında və qəlbində otuz yaşlı çılğın, romantik xəyallar dünyasında qanadlanan bir gənc kimi qalacaq. Ömrümüzün hər çağında alovlu şairin billur saf, axıcı misralarını xatırlayacaq, nəğmələrini dinləyəcək, amma içəri dünyamızda daima onun tükürpədici harayını da eşidəcəyik.
Tədbirdə 19 saylı məktəbin şagirdlərinin ifasında şairin “Ana”, “Həyat sevgisi”, “Yenə o bağ olaydı”, “Yadıma düşdü”, “Sənə qurban” və s. şeirlər səsləndi.