26.11.2018
26 noyabr 1918-ci ildə MKS-nin R.B.Əfəndiyev adına 4 nömrəli kitabxana filialı, R.B.Əfəndiyevin ev muzeyi, M.F.Axundovun ev muzeyi və Sabit Rəhmanın ev muzeyinin kollektivləri ilə birlikdə “Narkomaniya insanları ölümə məhkum edən bəladır” mövzusunda mühazirə keçirildi.
Tədbiri giriş sözü ilə R.B.Əfəndiyevin ev muzeyinin direktoru Vəfa Qasımzadə açdı və narkomaniyanın tarixi haqqında məlumat verdi: “Təkcə yaxşı şeylərin tarixi olmur. Qəribə də səslənsə, narkomaniyanın tarixinin, kökünün nə vaxta və hara söykəndiyinə nəzər salaq. Tarixə baxsaq, görərik ki, narkomaniya sadəcə, müasir dövrün və ya bir neçə əsrin bəlası deyil. Təəssüf ki, narkomaniyanın tarixi çox qədimdir. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir. Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzablarını azaldan vasitə kimi qəbul olunurdu. Xaşxaş qozasından alınan cirə - yəni tiryək tibbi məqsədlər üçün istifadə olunub. Ümumiyyətlə, tiryəkli preaparatlar orta əsrlərdə təbabətdə geniş yayılmışdı. Tiryəkdən hazırlanan dərmanlardan ruhi xəstələri sakitləşdirmək, əzabları azaltmaq, spazm və sarsıntıları götürmək, pozulmuş əsəb-sinir sistemini bərpa etmək kimi müalicə işlərində istifadə olunurdu. Şərq ölkələrinə səyahətə çıxanlar tiryək istehsalçılarının acınacaqlı vəziyyətini görən zaman bunu yanlış olaraq həmin xalqın ənənələri ilə bağlayır, hətta Hindistanı gəzən bir alim tiryəkdən asılılığı belə şərh edir: "Kim tiryəkə vərdiş edibsə, onu hər gün qəbul etməlidir".
Sonra kitabxanaçı Kəmalə Yusubova “Narkomaniya insanları ölümə məhkum edən bəladır” mövzusunda mühazirə etdi. Kəmalə xanım çıxışında bildirdi ki, “Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, XXI əsrdə də qlobal problemler sırasında qalmaqdadır. Ümumiyyətlə, BMT-nin hesablamalarına görə bu gün dünyada təqribən 250 milyona yaxın insan narkotiklərdən bu və ya digər formada əziyyət çəkir. Narkomanlıq narkotik zəhərlərdən psixi asılılıq yaradan xəstəlikdir. Bu xəstəliyə tutulmuş şəxslər özlərini cəmiyyətdən təcrid edirlər. Narkomaniya qlobal təhlükəsizliyə, cəmiyyətin inkişafına maneə törədən ən ciddi problemlərdən biri olduğundan ona qarşı mübarizə bütün dövlətlərin qarşısında duran başlıca vəzifələrdən birinə çevrilib. Digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da bu istiqamətdə bir sıra addımlar atılmaqdadır, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinə uyğun olaraq, hər il iyun ayının 26-sı Beynəlxalq Narkotik Vasitələrdən istifadəyə və onların qanunsuz dövriyyəsinə qarşı Mübarizə Günü kimi qeyd edilir.
M.F.Axundovun ev muzeyinin direktoru Ulduz Məmmədova və S.Rəhmanın ev muzeyinin direktoru Pərvanə İskəndərova da narkotik maddələrdən asılılığın səbəblərindən söhbət açdılar.