23.11.2018
2018-ci ilin iyun ayında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin (Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadənin) anadan olmasının 110 illiyi tamam olub. Böyük şair Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələrlə Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirmişdir. Forma yeniliyi, məzmun genişliyi, romantik əhval və yüksək həyat eşqi bu söz sənəti incilərinin başlıca keyfiyyətləridir. Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır.
Bununla əlaqədar olaraq Qayabaşı kənd diyarşünaslıq evində “Şairi xatırlayarkən”
adlı poeziya axşamı keçirilib.Tədbirdə şagirdlərin ifasında Mikayıl Müşfiqin şeirləri və şeirlərinə bəstələnmiş mahnılar səsləndirilmişdir.