15.11.2018
Prezident İlham Əliyevin tövsiyəsinə əsasən, “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə hərəkət edən Cəbrayıl, Cəlilabad, Qubadlı (Sumqayıt), Saatlı və Sabirabad rayonlarının məktəblilərindən ibarət qruplar ekskursiyanın ikinci günü, noyabrın 15-də səhər saatlarında qədim Şəkiyə gəliblər. Tur-aksiyanın iştirakçıları yeni istifadəyə verilən Heydər Əliyev Mərkəzində şəhər İcra Hakimiyyətinin rəsmiləri və Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən mehribanlıqla qarşılanıblar. Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova məktəblilərə qədim Şəkinin tarixi, mədəniyyəti, özünəməxsus adət-ənənələri, iqtisadiyyatı və turizm potensialı barədə məlumat verib. Bildirilib ki, bu il oktyabrın 29-da istifadəyə verilən Heydər Əliyev Mərkəzinin ümumi sahəsi 3700 kvadratmetrdir. Mərkəzdə rəsm və fotostudiyalar, elektron kitabxana, kompüter, rəqs, intellektual oyun dərnəkləri fəaliyyət göstərəcək. Mərkəzin yanında yeni istifadəyə verilən Bayraq Muzeyi dövlət atributlarına olan sonsuz sevgini nümayiş etdirir. Muzey gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə olunmasına mühüm töhfələr verəcək. Burada 72 metr hündürlükdə bayraq dirəyi quraşdırılıb. Məktəblilərin diqqətinə çatdırılıb ki, 2700 ildən çox yaşı olan bu qədim diyar dünya əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına götürülən 84 tarix və mədəniyyət abidəsi var. Füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, həmçinin zəngin irsinin qorunması nəticəsində Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. 2017-ci ildə Şəkiyə 200 minə yaxın turist gəlib. Hər il bu şəhərdə beynəlxalq səviyyəli bir neçə festival keçirilir. Ənənəvi olaraq hər il keçirilən “İpəkYolu” Beynəlxalq Musiqi Festivalında dünyanın bir sıra ölkələrinin tanınmış musiqi və folklor kollektivləri iştirak edirlər.
Diqqətə çatdırılıb ki, Şəki şəhəri 2008-ci ildə DünyaTarixi Şəhərlər Liqasının üzvü seçilib, 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı elan edilib, 2017-ci ildə isə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb.
Məktəblilər eksursiya çərçivəsində Mərkəzlə tanış olmuş, dahi liderin həyat və fəaliyyəti haqda məlumatlar əldə etmişlər.