15.11.2018
15 noyabr 2018-ci il tarixində MKS-nin R.B.Əfəndiyev adına 4 nömrəli kitabxana filialı, R.B.Əfəndiyevin ev muzeyi, M.F.Axundovun ev müzeyi və S.Rəhmanın ev muzeyi ilə birlikdə Milli Dirəliş Günü münasibətilə “Milli Dirçəlişin qaynaqları” mövzusunda mühazirə keçirdi.
Mühazirədə kitabxananın işçiləri, muzeylərin kollektivi iştirak edirdilər. Tədbiri giriş sözu ilə R.B.Əfəndiyevin ev muzeyinin direktoru Vəfa Qasımzadə açdı və Milli Dirəliş Günü haqqında məlumat verdi: “Milli Dirçəliş Günü - 17 noyabr 1992-ci ildə elan olunmuş rəsmi bayramdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr - 5 dekabr, 1988-ci il) başladı. Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır”. Sonra söz kitabxananın müdiri T.İsmayılovaya verildi. O, “Milli Dirçəlişin qaynaqları” movzusunda çıxış etdi: “1988-ci ildə Sovet imperiyasının dağılmasıyla onun hüdudları daxilində qanlı çaxnaşmalar baş verdi. Artıq çürümüş imperiyanın əsl mahiyyəti aydınlaşır, uzun illər təlqin olunan kommunist beynəlmiləlçiliyinin puç olduğu üzə çıxırdı. Xalqları bir-birinə düşmən etməklə öz dayaqlarını saxlamağa çalışan imperiya dəhşətli cinayətlərə əl atdı... 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması, onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi.
1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. 1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular”.
M.F.Axundovun ev muzeyinin direktoru Ulduz Məmmədova çıxışında qeyd etdi ki, 1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanında toplaşdı. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi.
Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, Azərbaycan xalqını ayağa qaldırmışdı. Yüz minlərlə insanın Azadlıq meydanına axışması isə ən yeni tarixin təməlini qoydu. Mitinqin ilk günləri göstərdi ki, Azərbaycanda hələ SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə başlayır. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi.
Daha sonra S.Rəhmanın ev muzeyinin direktoru Pərvanə İsgəndərova da Milli Dirçəliş Günü münasibətilə çıxış etdi. O, İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elanmasından, SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələrinin Bakıya gətirilərək meydanda yerləşdirilməsindən, dekabrın 3-dən 4-nə keçən gecə isə mitinq iştirakçılarının oradan zorla çıxarılmasından söhbət açdı. P.İsgəndərova onu da qeyd etdi ki, o zaman xalq hərəkatı parçalansa da, millət öz arzusuna çatdı - 1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycanın təməlini qoydu.
Sonda kitabxanaçı Elmira Əfəndiyeva çıxış edərək tədbiri yekunlaşdırdı.