Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakən rayonunda “II Beynəlxalq xurma festivalı” keçirilib.

28.10.2018

"Beynəlxalq xurma festivalı” bu dəfə də oktyabrın 28-də Balakən şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında keçirilib. Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan festivalda Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları və digər qonaqlar iştirak ediblər.

Rayon rəhbərliyi və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında, dağüstü yüksəklikdə ucaldılan abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Sonra qonaqlar festivalın keçirildiyi mədəniyyət və istirahət parkının ərazisində xurma ağacları əkiblər. Festival iştirakçıları bayramsayağı bəzədilmiş parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsullarının sərgilərinə baxıblar. Xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, arıçılıq, ət, süd, tərəvəz məhsulları, “Azəryem Sənaye” MMC-nin, konserv zavodunun istehsal etdiyi müxtəlif çeşiddə məhsullar festival iştirakçılarının böyük marağına səbəb olub.

Qonaqlar yun darayan, ip əyirən, xalça toxuyan xanımların əl işlərinə baxıb, Balakən mətbəxinin nümunələrindən dadıblar. Folklor kollektivlərinin çıxışı, pəhləvanların məharəti, əyləncəli yarışlar festivalın ab-havasına xüsusi rəng qatıb. Tədbir iştirakçıları Balakən mətbəxi üçün xarakterik olan süd çörəyinin – maxaranın bişirilməsi prosesini izləyiblər.

Tədbirin rəsmi açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev  festival iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik edib. Qeyd edib  ki, bu gün ölkəmizdə qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında meyvəçilik mühüm rol oynayır. Azərbaycandan xarici bazarlara ixrac olunan məhsullar sırasında xurma xüsusi yer tutur. Xurma istehsalı Balakən rayonunun kənd təsərrüfatında ənənəvi sahələrdən sayılır. Xurma Balakəndə ən çox istehsal olunan və bol məhsul verən meyvəçilik sahələrindən biridir. Balakən xurması dadına, növlərinin sayına, keyfiyyətinə görə həmişə fərqlənib. Son illər rayonda gəlirli sahə olan xurmaçılığın inkişafına böyük diqqət göstərilir. Hazırda rayonda 812 hektar xurma bağı var. 2017-ci ildə bağlardan 14,5 min ton xurma tədarük olunub.

Festivalda Şəki Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Şəki, Zaqatala, Oğuz və Qax rayon təmsilçiləri də iştirak edib. Xurmadan hazırlanan şirniyyatlar, yeməklər nümayiş etdirilib, sənətkarların əl işlərinin sərgisi təşkil olunub. Şəkidən gələn zurnaçılar öz ifaları ilə məharətlərini göstəriblər, səsləndirilən musiqilər festival iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.Festivala gələn xarici qonaqlar zurnaçıların ifa etdiyi musiqi sədaları altında rəqs ediblər. 

II Beynəlxalq xurma festivalı mədəniyyət və istirahət parkının ərazisindəki meydanda konsert proqramı ilə başa çatıb.

Qeyd edək ki, Balakən rayonunda  Beynəlxalq xurma festivalı ilk dəfə ötən ilin noyabrında keçirilib.