16.10.2018
XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi. 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni, az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.
Bu il oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyinin 27 yaşı qeyd olunur. Gənc dövlətimiz artıq müstəqil, suveren bir ölkədir və xalqımız bu tarixi hər il bayram kimi qeyd edir. Artıq Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir.
Bu tarixi gün ilə əlaqədar olaraq Şəki Dövlət Rəsm Qalereyasında 16 oktyabr tarixində “Canım Azərbaycanım” adlı sərgi təşkil olundu. Sərgidə incəsənət məktəbi şagirdlərinin rəsmləri nümayiş etdirildi. Şagirdlər həmin rəsmlərdə Azərbaycanda durmadan gedən inkişaf proseslərini təqdirə layiq şəkildə təsvir etmişdilər.