16.10.2018
16 oktyabr 2018-ci il tarixində Şəki şəhər Heydər Əliyev Mərkəzində Heydər Əliyev və Azərbaycan Ədəbiyyatı” adlı tədbir keçirildi. Tədbirdə Heydər Əliyev Mərkəzinin və MKS-nin 9 №-li kitabxana filialının işçiləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tələbələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru açaraq, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. O, qeyd etdi ki, Heydər Əliyev Azərbaycan ədəbiyyatının qabaqcıl ictimai fikrinin mühafizəçisi kimi Azərbaycan ədəbiyyatı tarixində şərəfli bir səhifə açmışdı.Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, Türk dünyası və bəşəri sivil dünyanın qüdrətli, heyrət və möcüzə təsiri bağışlayan, qeyri-adi şəxsiyyətidir. Azərbaycan ədəbiyyatının inkişafı ilə əlaqədar gördüyü işlər, böyük işlər, heçnə ilə müqayisə olunmayan fədakarlıq Azərbaycan ədəbiyyatı tarixinin yaddaşına silinməz izlərlə həkk olunmuşdu. XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrinin bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Cəmiyyətin aparıcı ideologiyasını təmsil edən ədəbiyyatın insanlar üçün gələciyin yolunu işıqlandıran bir məktəb olduğunu məruzə və çıxışlarında dönə-dönə izah edən ulu öndər “Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanlığın mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur”, - deməklə ədəbiyyatın milli mentalitetin formalaşmasında mühüm rolunu izah etmişdir.
Heydər Əliyev Azərbaycan ədəbiyyatına dair çox dərin, təfəkkürün dərin qatlarından keçə bilən elə fikirlər, elə dahiyanə təhlillər söyləmişdir ki, bəlkə bu fikirləri olduğu kimi ifadə etmək, izah etmək üçün söz tapmaq bizim qüvvəmiz xaricindədir.
Tədbirdə MKS-nin V.İbrahimov adına 9 №li kitabxana filialının direktoru Rüfanə Həsənova “Ədəbiyyatda Heydər Əliyev obrazı” adlı məruzə ilə çıxış edib. “Heydər Əliyev ədəbiyyatı, Azərbaycan ədəbi-ictimai fikrini xalqın böyük ideallarına doğru məharətlə istiqamətləndirmiş və inkişaf etdirmişdir. Məhz ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində XX əsrin 70-80-ci illərindən Azərbaycan ədəbiyyatı milli mənəvi dəyərləri vəsf etmiş və xalqın tarixi ilə bağlı mövzulara və şəxsiyyətlərə doğru böyük dönüş baş vermişdir. Bu isə nəticə etibarilə Azərbaycanda cəmiyyət həyatında ümummilli ideallar uğrunda mübarizənin böyük hərəkat səviyyəsinə qaldırılmasına gətirib çatdırmışdır”. Ulu Öndər Azərbaycan xalqının çoxəsirlik tarixində azərbaycançılıq təlimini müstəqil dövlətin ideologiyası səviyyəsinə çatdırıb, respublikamızın siyasi-ideoloji və iqtisadi-mədəni inkişaf konsepsiyasının möhkəm əsaslarını yaradıb. Ulu öndərimizin “Yazıçıya, alimə, şairə, bəstəkara, rəssama mənəvi hörmət indi də var. Şəxsən məndə onlara qarşı belə hörmət həmişə olmuşdur və ömrümün axırınadək də belə qalacaqdır”, - deməsi ədəbi şəxsiyyətlərin yaradıcılığına, onların tarixi mövqeyinə obyektiv qiymət verir. Onun Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” və “Hara gedir bu dünya” əsərləri haqqındakı düşüncələri bu baxımdan çox qiymətlidir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tələbələri də Heydər Əliyevin ədəbiyyata olan qayğısından danışdılar. Tələbələr kitabxanada sərgilənən kitablarla tanış oldular.