21.09.2018
Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə sentyabrın 21-də Oğuz rayonunda “Şəfa” bayramı keçirilib və bu bayramda şimal-qərb bölgəsinin zəngin dərman bitkiləri nümayiş etdirilib.
Oğuz Rayon Mədəniyyət Mərkəzinin qarşısında təşkil edilən bayram tədbirində rayon icra hakimiyyəti başçısının müavini Yusif Naxçıvanski və Regional Mədəniyyət İdarəsinin Oğuz rayonu üzrə baş məsləhətçisi Ulduz Baxışova çıxış edərək, bölgənin zəngin bitki aləminin tanıdılması və təbliği baxımından belə tədbirlərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, əsrarəngiz təbiəti ilə seçilən Oğuz rayonu şəfaverici bitkiləri, insan sağlamlığı üçün faydalı olan dərman otları ilə zəngin bölgələrimizdəndir.
Sonra tədbir iştirakçıları Oğuz və qonşu Şəki, Qax, Zaqatala və Balakən rayonlarının dağlarında, meşələrində, düzənlik ərazilərində bitən dərman otlarının, şəfaverici bitkilərin, müalicəvi mineral suların, həmçinin tərəvəz məhsullarının, ev şəraitində hazırlanmış mürəbbə və şirələrin nümayiş etdirildiyi sərgilərlə tanış olublar. Sərgilərdə nümayiş olunan bölgənin florasına aid kəklikotu, itburnu, cökə çiçəyi, çaytikanı, yemişan, gülxətmi, dağ nanəsi, sumax və digər şəfaverici bitkilər, meyvə və giləmeyvələr tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Bayram tədbirində bölgənin musiqi və rəqs kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər. (mənbə: AZƏRTAC-ın bölgə müxbiri Mustafa Dadaşovun məlumatı)