18.09.2018
18 sentyabr Azərbaycanın böyük bəstəkarı, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi Günüdür.
Ü.Hacıbəylinin 133 illik yubileyi ölkənin mədəni və ictimai həyatında silsilə tədbirlərlə, konsert proqramları və konfranslarla qeyd edilir. Belə tədbirlərdən biri bu gün Oğuz rayon uşaq musiqi məktəbi və Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə keçirildi. Dövlət Himni səsləndirildikdən sonra tədbirin aparıcısı N.Qasımova dahi bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin böyük kitabxanaçısı L.Babayeva “18 sentyabr - Milli Musiqi Günüdür” başlıqlı məruzə etdi. Dahi bəstəkarın adı ilə bağlı tədbirdə rayon uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin birgə hazırladıqları musiqi töhfələri bir-birini əvəz edirdi. Tədbirdə ölməz bəstəkarın “Koroğlu” uvertürasından, “Cəngi”dən parçalar səsləndi.
Rayon musiqi məktəbinin direktoru N.Bəbirovun dahi bəstəkarin həyatından söylədiyi bəzi məqamlar tədbir iştirakçılarının böyük marağına səbəb oldu. Tədbirin sonunda “Üzeyir dünyası - 133” başlıqlı sərgiyə baxış oldu.