18.09.2018
Bu gün respublikamızda fəaliyyət göstərən kitabxanalar cəmiyyətimizin inkişafına öz töhfələrini verməkdədir. Qloballaşan, informasiyada sürətli inkişaf yolu tutuan dünyada kitabxanalar da informasiya sahəsində öz yeniliklərini tətbiq edərək, intellektual kütləyə xidmət etməkdə davam edir. Bu gün kitabxanalar elmi informasiya təminatında yeni texnologiyalar tətbiq etməklə bərabər, oxuculara qeyri-ənənəvi informasiya və mütaliə xidmətləri göstərir, onların sorğularına müasir elektron vasitələrlə, daha müfəssəl və əhatəli cavab vermək üçün elektron məlumat bazalarından, habelə elektron kataloq və elektron kitabxanalardan istifadə edirlər.
Texnologiya əsrində mütaliənin azalmasını və onun əhəmiyyətini nəzərə alan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi kitabxanalara bir sıra yeniliklər tətbiq edir. Nazirlik tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin sistematik və daha effektiv olması üçün mütaliənin təbliğini özündə əks etdirən sosial layihələrin respublika üzrə reallaşdırılması üçün bir neçə tədbirlər planı hazırlanmışdır.
Respublikamızda bu sahə üzrə xidmət göstərən kitabxanaların fəaliyyətinin mütərəqqi ideyalara əsaslanaraq müasir tələblərə uyğun qurulması, yeni üsul və metodlardan istifadə olunması, uşaqlarla birgə keçirilən tədbirlərin məzmunca yeniləşməsi, eyni zamanda uşaqların fərdi qabiliyyətlərinin üzə çıxarılması, müxtəlif sahələr üzrə xüsusi istedada malik olan gənclərin aşkarlanması, onların fəaliyyətinin düzgün şəkildə istiqamətləndirilməsi məqsədilə nazirlik tərəfindən müəyyən tədbirlər həyata keçirilir ki, onlardan biri də “Açıq kitabxana” layihəsidir.
“Açıq kitabxana” layihəsinə əsasən Respublika kitabxanaları ictimaiyyətə açıq güşələrdə öz fondlarını sərgiləyərək geniş oxucu kütləsinin cəlbinə nail olacaqlar. Hansı ki, bu kitabxanalardan istifadə etmək üçün oxucu heç bir maneə ilə rastlaşmır, sadəcə olaraq yaxınlaşıb kitab götürür və mütaliə edir.
Göstərilən təklif və tapşırıqları nəzərə alan Zaqatala rayon Mərkəzi Kitabxanası rayon əhalisinin istirahət güşələrindən biri olan Dədə Qorqud Meydanında açıq kitabxana təşkil etmişdir. Kitabxananın açılışını rayon MKS-nin direktoru Gülniyar Məmmədova edərək layihənin təşkili səbəbi və məqsədi haqqında məlumat vermişdir. Təşkil olunan kitabxanadan qısa müddət ərzində 300-ə yaxın insan faydalanmışdır.