10.08.2018
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının sonuncu ünvanı Tovuz rayonu olub.
Əsl mədəniyyət bayramına çevrilən festival "100 illik tariximiz” devizi altında təşkil edilib.
Tovuz rayonundakı Heydər Əliyev adına mərkəzdə keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin, rayon icra hakimiyyətinin təmsilçiləri, kənd və qəsəbələrin sakinləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın digər bölgələrindən gəlmiş qonaqlar iştirak ediblər.
Tədbirdə bildirilib ki, layihənin əsas məqsədi çoxminillik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də respublikamızda regionlararası mübadiləni gücləndirməkdir.
Əvvəlcə festival iştirakçıları Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsi tərəfindən qurulmuş çadırlarda həmin bölgələrin qədim el sənəti nümunələri, eləcə də ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanmış dekorativ tətbiqi sənətin müxtəlif sahələrinə aid incəsənət nümunələri və suvenirlərlə yaxından tanış olublar.
Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari xanım Zeynalova Şəki ustalarının hazırladıqları mürəkkəb həndəsi ölçməli şəbəkəbəndlər, incə naxışlı zərif kəlağayılar və həmin bölgəyə aid şirniyyatlarla festival iştirakçılarını tanış etdi.
Sonra Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin bədii özfəaliyyət kollektivləri, folklor və rəqs qrupları konsert proqramı ilə çıxış ediblər.
Konsertdə müğənni və xanəndələr tərəfindən bəstəkar və xalq mahnıları ifa olunub, ayrı-ayrı bölgələrin özfəaliyyət kollektivləri milli, etnik rəqs nümunələri ilə çıxış edib, təqdim etdikləri musiqilərlə simli, nəfəsli və ritmik qədim musiqi alətlərimizin geniş ifa imkanlarını göstəriblər. Şəki Regional Mədəniyyət İdarəsini təmsil edən Balakən rayonunun “Cahan” folklor kollektvi çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Rayon sakinləri bölgələrdə bu cür yaradıcılıq festivallarının keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək, tədbirin təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.
Festival atəşfəşanlıqla sona çatıb.