Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qalereyanın əməkdaşları Şəkidə tanınmış təkəlduz ustalarından Səkinə Paşayeva ilə “Sənətkarlar Evi”ndəki emalatxanasında görüş keçirmişlər

02.08.2018

Azərbaycanda məişətdə populyar və geniş yayılmış bədii tikmə növlərindən biri də qədim tarixə malik təkəlduz tikmədir. Əsrarəngiz təsvir və naxışlarında xalqın sənət ruhunu yaşadan milli xalçalarımız və digər sənətlərimiz kimi təkəlduz sənəti də tarixi köklərə söykənən xalq yaradıcılığıdır. Bu sənətin ilk nümunələrinə biz hələ Sasanilər dövründə rast gəlsək də təkəlduz sənəti get-gedə təkmilləşmiş və orta əsrlərdə bir xalq sənəti kimi öz yerini tutmuşdur. Bu sənət maddi mədəniyyətimizin bir sahəsi olmaq etibarilə böyük əhəmiyyətə malikdir.

Sənətkarlar diyarı kimi məşhur olan qədim Şəki, həm də təkəlduz sənətinin vətəni hesab olunur. İpəkçiliyin inkişafı Şəkidə təkəlduz sənətinin də  inkişafına böyük təkan verib. Təkəlduz hərfi mənada “tək əllə düz” mənasını verir. Əvvəllər bu sənətlə kişilər də məşğul olurdular. Onlar uzaq səfərlərdə olarkən təkəlduzda həkk etdikləri işarələr vasitəsilə evlərinə xəbər göndərirmişlər. Hazırda Şəkidə dekorativ sənətin bu növü ilə onlarla qadın məşğul olur. Səkinə Paşayeva da onlardan biridir. O, Şəkidə yaxşı tanınan təkəlduz ustalarındandır. Qalereyanın illik iş planında qeyd olunmuş “Xalq-tətbiqi sənət ustaları ilə emalatxanalarında görüş” bəndinə əsasən qalereyanın əməkdaşları Səkinə xanıma müraciət etdilər və onunla “Sənətkarlar Evi”ndəki emalatxanasında görüşdülər. Həmin emalatxana eyni zamanda, sənətkarın əl işlərinin sərgiləndiyi və satışının həyata keçirildiyi bir məkandır. Söhbət zamanı Səkinə xanım təkəlduz sənətindən əvvəl, bədii tikmənin digər növlərinə, həmçinin toxuma sənətinə maraq göstərdiyini qeyd etdi. Daha sonra Şəkinin çox məşhur təkəlduz ustası Möhtərəm xanımdan bu sənətin sirlərini öyrənib və artıq 30 ildir ki, bu sənətlə məşğul olur. Hal-hazırda sənətkar Xan sarayının divar naxışı və mənzərə üzərində işləyir.

Səkinə Paşayeva vaxtaşırı olaraq respublikamızın paytaxtında, eləcə də bölgələrdə təşkil olunan sərgilərdə iştirak edib. Dəfələrlə belə sərgilərin diplomlarına layiq görülüb. Onun əl işləri Türkiyə və Avstraliyada təşkil olunan sərgilərdə də nümayiş etdirilib. Sənətkar sonuncu dəfə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” başlığı altında “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı çərçivəsində iyunun 25-də Masallı şəhərindəki tədbirdə iştirak edib.