27.07.2018
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” şüarı altında keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı uğurla davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 25-də Masallı rayonunda startı verilən yaradıcılıq festivalının növbəti tədbiri iyulun 27-də axşam saatlarında Oğuz şəhərində təşkil edilib. Gözəlliyi ilə seçilən şəhər mədəniyyət və istirahət parkında keçirilən tədbirdə rayonun kənd və qəsəbələrindən gəlmiş sakinlər, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın digər bölgələrindən olan qonaqlar əsl mədəniyyət bayramının şahidi olublar.
Parkın ərazisində Mədəniyyət Nazirliyinin Sumqayıt, Gəncə, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Lənkəran, Masallı və Biləsuvar regional mədəniyyət idarələrinin festival çadırları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin sərgisi keçirilib. Azərbaycanın bölgələrinin mədəni zənginliyi, özünəməxsusluğu, qədim tarixi, ənənələri, incəsənət nümunələri festivala gələnlər tərəfindən böyük maraqla qarşılanıb.
Festivalın açılış mərasimində iştirak edən rayon rəsmiləri bölgələrin mədəni irsinin təbliği baxımından belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Regional mədəniyyət idarələrinin təqdim etdikləri konsert proqramı da rəngarəngliyi ilə yadda qalıb. Folklor qruplarının, incəsənət və bədii özfəaliyyət kollektivlərinin ifasında təqdim edilən musiqi nömrələri, rəqslər hamıda xoş ovqat yaradıb.
Şəkinin tanınmış sənətkarların əl işlərindən ibarət sərgidə nümayiş etdirilən təkəlduz ustası Vəfa Mustafayevanın təkəlduz sənətinə gətirdiyi yeni üslub - kukla sənəti ilə bədii tikmənin sintezi tamaşaçıların böyük marağına səbəb olub. Sənətkar deyib: “Adətən sənətsevərlər incəsənət əsərlərini seyr etmək üçün sərgi salonlarına, muzeylərə gedirlər. Onların çoxunun bəzən buna imkanları olmur. “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının ən böyük özəlliyi odur ki, bu dəfə biz sənətkarlar öz əl işlərimizlə sənətsevərlərin görüşünə gedirik. Bugünkü sərgidə insanlar təkəlduz işləri ilə, xüsusilə kukladan hazırladığım əsərlərlə çox maraqlanırlar. Hətta məndən soruşurlar ki, nəyə görə kuklaların sırf şəkililərə məxsus cizgiləri, mimikaları var. Deyirəm ki, əlbəttə, elə də olmalıdır. Axı mən şəkiliyəm”.