Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı xalqımızın mədəni irsinin təbliğinə xidmət edir

15.07.2018

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı çərçivəsində növbəti tədbir Göyçay şəhərində təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri Mustafa Dadaşov xəbər verir ki, “100 illik tariximiz” devizi altında reallaşdırılan layihə zəngin tarixə və dövlətçilik ənənələrinə malik xalqımızın mədəni irsinin təbliğinə, regionların mədəni potensialının nümayiş etdirilməsinə, bu sahədə əlaqələrin genişləndirilməsinə xidmət edir. Yaradıcılıq festivalının yay mövsümündə təşkili yerli sakinlərlə yanaşı, xarici ölkələrdən gələn turistlərə də Azərbaycanın rəngarəng mədəni həyatı ilə yaxından tanış olmaq imkanı yaradır.

Tədbirin birinci mərhələsi bayramsayağı bəzədilən şəhər mərkəzində yerli sakinlərin və qonaqların Mədəniyyət Nazirliyinin 15 regional idarəsi tərəfindən ayrı-ayrılıqda təşkil olunan sərgilərlə tanışlığı ilə başlayıb. Bölgələrin mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri ilə yaxından tanışlıq, verilən məlumatlar böyük diqqətə və marağa səbəb olub.

Yaradıcılıq festivalının ikinci mərhələsində isə hər bir regional idarə üzrə folklor qruplarının, yerli incəsənət və bədii özfəaliyyət kollektivlərinin konserti olub. Təqdim olunan musiqi nömrələri, rəqslər maraqla qarşılanıb.