Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İpək Yolu” festivalı çərçivəsində bayan ifaçılarının konserti maraqla qarşılanıb

30.06.2018

Şəkidə davam edən “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyunun 30-da axşam saatlarında musiqisevərlərə Rusiyadan gəlmiş “Sib-Duo” bayan ifaçıları ansamblının konserti təqdim olunub.

Təbiət qoynunda füsunkar bir guşədə, Marxal gölünün ətrafında təşkil olunan konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, musiqisevərlər, həmçinin “Marxal” istirahət kompleksində dincələn yerli və xarici qonaqlar iştirak ediblər.

Konsertin əvvəlində məlumat verilib ki, Rusiyanın uzaq Sibir bölgəsindən gəlmiş bayan ifaçıları Aleksandr Sirotkin və Andrey Bityutskix bir çox beynəlxalq müsabiqələrin laureatlarıdır. Xarakter cəhətdən tam fərqli olsalar da, onları birləşdirən musiqiyə məhəbbət və ifalarındakı yüksək peşəkarlıqdır. Yeni rənglər və musiqi çalarları, repertuarın genişləndirilməsi, parlaq musiqi obrazlarının yaradılması üçün axtarışlar bu ansamblın yaradıcı amalıdır. Ansamblın repertuarına dünya bəstəkarlarının əsərləri, xalq melodiyaları, rus klassik, müasir estrada və caz musiqisi daxildir. Ansambl rus xalq çalğı alətləri, simfonik orkestr, kamera instrumental tərkibli kollektivlər və solistlərlə əməkdaşlıq edir. Bu istedadlı, xarizmatik, enerjili və virtuoz musiqiçilərin hər bir konserti tamaşaçıların qəlbində səmimi heyranlıq tapır.

Bayan ifaçıları Aleksandr Sirotkin və Andrey Bityutskixin ifa etdikləri ruh oxşayan musiqi nömrələri musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Sonda təşkilatçılar adından musiqi qrupuna festivalın rəmzi simvolu təqdim olunub.

 (Məlumatı AZƏRTAC-ın bölgə müxbiri Mustafa Dadaşov təqdim edib.)