Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (ICTM) “Məqam” elmi-tədqiqat qrupunun X Beynəlxalq Simpoziumu öz işinə başlayıb

29.06.2018

29 iyun 2018-ci il tarixdə Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının üçüncü günü “Marxal” otelinin konfrans zalında UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (ICTM) “Məqam” elmi-tədqiqat qrupunun X Beynəlxalq Simpoziumu öz işinə başlayıb. İki gün davam edəcək simpozium “Məqam/muğam ənənələri və müasir dünyada qlobal dəyişikliklər” mövzusuna həsr olunub.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, beynəlxalq musiqi festivalı çərçivəsində belə bir Simpoziumun keçirilməsinə göstərdiyi dəstəyə görə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə minnətdarlığını bildirib. Qeyd olunub ki, Şəkidə ənənəyə çevrilən “İpək Yolu” festivalı müxtəlif xalqların musiqisinin təbliğində böyük rol oynayır.

Simpozium iştirakçılarının diqqətinə çatdırılıb ki, Şəki Azərbaycan elminə, mədəniyyətinə görkəmli şəxslər bəxş edib. Bu torpaq Mirzə Fətəli Axundzadənin, Sabit Rəhmanın, Fuad Əbdürəhmanovun, Bəxtiyar Vahabzadənin, Rasim Ocaqovun, Şəfiqə Axundovanın ana Vətəni hesab olunur.

Qeyd olunub ki, Şəkidə bu gün bir çox sənət sahələri qorunub saxlanılıb. 2017-ci ildə Şəki UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə üzv olub. Şərq memarlığının nadir incisi hesab olunan “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi istiqamətində iş aparılır.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə simpozium iştirakçılarına “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı barədə ətraflı məlumat verib. Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza məxsus zəngin ənənələrin, o cümlədən muğam sənətinin təbliğ olunmasına böyük diqqət və qayğı göstərildiyini bildirən Firəngiz Əlizadə bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb.

UNESCO ICTM-in vitse-prezidenti, Böyük Britaniyadan gəlmiş Razia Sultanova çıxış edərək, belə bir mötəbər tədbirdə iştirakından məmnun qaldığını bildirib.

Simpoziumun birinci günü AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərovanın “Qarabağ xanəndəsi Cabbar Qaryağdıoğlunun yaradıcılığında innovasiyalar”, UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının “Maqam” elmi-tədqiqat qrupunun sədri, Özbəkistandan gəlmiş Aleksandr Cumayevin“Maqomat sənəti çağdaş Özbəkistan və Tacikistan şəraitində: itkilər və dəyişikliklər, konsepsiyalar və axtarışlar”, Ankara Musiqi Universitetindən Okan Murat Öztürkün “Maqam konsepsiyasına Qərb-mərkəzli yanaşmanın tənqidi” və digər mövzularda məruzələr dinlənilib.

Simpozium iyunun 30-da öz işini davam etdirəcək.