13.07.2026
İyulun 13- də Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialının birgə təşkilatçılığı ilə Tovuz döyüşlərinin altıncı ildönümünə həsr olunmuş "General Polad Həşimov - Vətənə sədaqət nümunəsi" adlı tədbir keçirilib.
Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin, YAP Qəbələ rayon təşkilatının, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin, "Qəbələ" qəzeti redaksiyasının, Qəbələ regional "ASAN xidmət" mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ bölməsinin məsul şəxsləri, həmçinin Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun xanımı Ofelya Salmanova və övladları, Vətən müharibəsi iştirakçıları iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərinin dövlət sərhədlərimizin qorunmasındakı strateji rolundan bəhs edilib, bu döyüşlərin tarixi zəfərin mühüm təməl daşlarından biri olduğu vurğulanıb. Eyni zamanda, şəhid general-mayor Polad Həşimovun yüksək insani keyfiyyətləri, peşəkar komandirlik məharəti və əsgərləri ilə çiyin-çiyinə ön cəbhədə vuruşaraq göstərdiyi fədakarlıq gənc nəslə örnək kimi təqdim olunub.
Tədbir çərçivəsində Tovuz döyüşlərinin gedişatını, general-mayor Polad Həşimovun şərəfli ömür və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub, Mirzəbəyli kənd tam orta məktəbin şagirdi Fatimə Xasməmmədova özünün müəllifi olduğu kitabında yer alan və Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun əziz xatirəsinə həsr etdiyi şeiri səsləndirib.