Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şəhər Günü” münasibətilə Şəkidə mədəni proqram təşkil olunub

13.07.2026

İyulun 11-də “Şəhər Günü” münasibətilə Şərq memarlığının nadir incilərindən biri olan, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Şəki Xan Sarayının qarşısında mədəni proqram təşkil olunub.

 

Tədbirdə iştirakçılara Azərbaycanın tanınmış modelyeri Leyla Babazadənin müəllifi olduğu milli geyim kolleksiyası təqdim edilib. Qeyd edək ki, Leyla Babazadə UNESCO-da fərdi kolleksiyasını təqdim etmiş ilk azərbaycanlı modelyerdir.

 

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan muğam sənətinin ecazkar nümunələri səsləndirilib, həmçinin iştirakçılara milli rəqs nömrələri təqdim olunub.

 

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək “Şəhər Günü” çərçivəsində tədbirlərin keçirilməsinə dəstək göstərən qurumlara və şəxslərə təşəkkürünü bildirib.

 

Tədbirin sonunda “Şəhər Günü” münasibətilə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş abidələrin mühafizəsi, Şəki şəhərinin tarixi-mədəni irsinin qorunması, milli-mədəni dəyərlərin və turizm potensialının təbliği, həmçinin şəhərin beynəlxalq səviyyədə tanıdılması və tarixi küçələrinin bərpası sahəsində xüsusi xidmətlərinə görə bir qrup şəxsə Şəki Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunub.