24.06.2026
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən ölkənin aparıcı bədii kollektivlərinin genişmiqyaslı mədəni qastrol proqramı davam edir.
Layihə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında müəyyən edilmiş prioritet istiqamətlərdən olan mədəniyyətin regionlarda əlçatanlığının artırılması, paytaxt və bölgələr arasında mədəni inteqrasiyanın gücləndirilməsi, eləcə də ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədilə həyata keçirilir.
Layihə çərçivəsində iyunun 24-də Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti keçirilib.
Əməkdar artist İlahə Hüseynovanın dirijorluğu ilə təqdim olunan proqramda Azərbaycan bəstəkarlarının əsərləri və xalq musiqisi nümunələri səsləndirilib. Konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Cəngi”, Süleyman Ələsgərovun “Rəqs-tokkata”, Bəhram Nəsibovun “Qarabağ”, Polad Bülbüloğlunun “Şən Azərbaycan”, Vasif Adıgözəlovun “Bayram süitası”, Şəfiqə Axundovanın “Həsrətindən” və “Şəki”, Arif Məlikovun “Çıx yaşıl düzə”, Emin Sabitoğlunun “İncə bellim”, Niyazinin “Qaytağı”, Fikrət Əmirovun “Reyhan” və “Gözün aydın” musiqili komediyasından “Rəqs”, Əlibaba Məmmədovun “Xudayar təsnifi” (“Vətən yaxşıdı”) və Rauf Hacıyevin “Azərbaycan” əsərləri ifa olunub.
Proqramda Əməkdar artistlər Almaz Orucova və Xəyyam Məmmədov, solistlər Orxan Soltanov, Talıb İsgəndərli, Vüsal Qasımov, Rəvanə Qurbanova və Əvəzxan Əzizov çıxış ediblər.
Orkestrin və solistlərin təqdim etdikləri rəngarəng musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.